Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2019 14:14
  • A-
  • A
  • A+

"İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında rolu (Azərbaycan nümunəsi)" elmi konfransı öz işinə başlayıb

"İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında rolu (Azərbaycan nümunəsi)" elmi konfransı öz işinə başlayıb

Martın 28-də AMEA Rəyasət Heyəti və ABŞ-ın Beynəlxalq İslam Fikri İnstitutunun birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında rolu (Azərbaycan nümunəsi)" adlı elmi konfrans öz işinə başlayıb.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutan tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, həmçinin Ukraynadan olan alimlər, AMEA Fəlsəfə və Ədəbiyyat institutlarının əməkdaşları iştirak edirlər.

Konfransı professor İlham Məmmədzadə açaraq Azərbaycanda multikulturalizmin tarixi ənənələrindən danışıb. Qeyd edib ki, tarixən ölkəmizdə müxtəlif xalqların və etnik qrupların nümayəndələri kimliyindən, dilindən, dinindən asılı olmayaraq sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıb, həmrəylik nümayiş etdiriblər. Multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzi olduğunu deyən İ.Məmmədzadə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu xatırladıb, multikultural dəyərlərin bu gün respublikamızın dövlət siyasətinə çevrildiyini, bu istiqamətdə Bakıda beynəlxalq humanitar, mədəniyyətlərarası dialoq və forumların keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizminin artıq dünyada modelə çevrildiyini, bir çox ölkələrin respublikamızın təcrübəsindən yararlandığını da vurğulayıb.

Sonra Ukrayna İslam Tədqiqatlar Mərkəzinin magistrantı Oleq Kuzik "Ukraynada dinlərarası münasibətlər və multikulturalizm" mövzusunda çıxış edərək multikulturalizmin Azərbaycan modelinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Tədbirdə, həmçinin Fəlsəfə İnstitutunun şöbə müdirləri - f.e.d. Afaq Rüstəmova "Humanizm multikulturalizm kontekstində", f.e.d. Rəfiqə Əzimova "Multikulturalizm fənlərarası anlayış kimi", f.e.d. Füzuli Qurbanov "Azərbaycanın multikulturalizm modeli: siyasi və fəlsəfi refleksiyaların kəsişməsində", f.e.d. Əli Abbasov "Multikulturalizm dünən və bu gün", f.e.d. Sakit Hüseynov "Azərbaycanda tolerantlıq: tarix və müasirlik", müəssisənin elmi katibi, f.ü.f.d., dosent Sevinc Həsənova "Mənəvi dəyərlər və multikulturalizm", f.ü.f.d. Şölət Zeynalov "Multikulturalizmin təhlilinə elmi-metodoloji yanaşma", f.ü.f.d. Hüseyn İbrahimov "Multikulturalizmin elmi-metodoloji aspektləri", s.e.f.d., dosent Davud Həşimov "Beynəlxalq münasibətlər və multikulturalizm", s.e.ü.f.d. Anar Bağırov "Multikulturalizmin siyasi-iqtisadi aspektləri", doktorant Zaur Rəşidov "B.Spinozanın panteizmi və müsəlman Şərqinin vəhdəti-vücud təlimi (müqayisəli təhlili)" və Ədəbiyyat İnstitutunun əməkdaşı, fil.e.d. Elçin Mehrəliyev "Multikultural mühit və ədəbiyyat" mövzusunda çıxış edərək Azərbaycanda multikulturalizmin siyasi, fəlsəfi, iqtisadi aspektlərinin kifayət qədər öyrənildiyini, multikulturalizmin Azərbaycan modelinin post-sovet məkanı üçün böyük fayda verə biləcəyini söyləyiblər. Qeyd olunub ki, multikulturalizm yalnız bir ölkənin daxili problemlərilə bağlı deyil, həm də xarici siyasi problemlərdə də öz əksini tapmalıdır.

Qeyd edək ki, konfrans öz işini martın 31-də başa vuracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: