Bu gün Azərbaycanın bioloq alimi, Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya elmləri doktoru Vahid Fərzəliyevin 50 yaşı tamam olur.
Vahid Sabir oğlu Fərzəliyev 1 may 1969-cu ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olub. O, 1991-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub və həmin ildən Botanika İnstitutunun Nəbatat bağı şöbəsində əmək fəaliyyətinə başlayıb. V.Fərzəliyev müxtəlif illərdə burada Toxumçuluq sektorunun rəhbəri, Ağac və kol bitkiləri laboratoriyasının müdiri, Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb, 2015-ci ildən isə direktor vəzifəsini icra edir.
Alim 2005-ci ildə “Abşeronda yayda və payızda çiçəkləyən bəzi ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri” mövzusunda namizədlik, 2018-ci ildə isə “Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi, bioekoloji xüsusiyyətləri və iqtisadi əhəmiyyəti” mövzusunda doktorluq dissertasiya işini müdafiə edib.
Vahid Fərzəliyevin Qafqazda yayılmış iynəyarpaqlıların sistematikası, fitocoğrafiyası və ekoloji xüsusiyyətlərinin öyrənilməsi üzrə müxtəlif xarici ölkələrin alimləri ilə birgə apardığı elmi-tədqiqat işləri nəticəsində alınan mühüm və yeni nəticələr nüfuzlu jurnallarda dərc olunub. Onun tərəfindən çoxsaylı biomorfoloji əlamətlər əsasında Abşeron yarımadasına introduksiya edilən şam və sərv növlərinin hərfli-rəqəmsal politomik təyinat açarı hazırlanıb. Qafqazda və ona qonşu regionlarda yayılan Pinus sylvestris L. (Kox şamı) populyasiyalarının allozim quruluşunun tədqiqinin, coğrafi diferensiasiyasının və taksonomik statusunun təyininin ilkin analizi aparılıb və onun nəticələri ümumiləşdirilib. Bundan əlavə, Azərbaycanda yayılmış ardıc nümunələrinin nüvə genomunda daxili transkripsiya olunan speyser və xloroplast genomunda kodlaşan genlərin nahiyələrinin DNT ardıcıllıqlarının analizi aparılıb. Eyni zamanda respublika ərazisində təbii halda yayılan nadir və introduksiya olunan iynəyarpaqlıların oduncağının anatomik quruluşu öyrənilib, dendroxronoloji tədqiqi aparılıb, tozcuqlarının morfoloji xüsusiyyətləri və keyfiyyət göstəriciləri müəyyən edilib. Həmçinin Coğrafi İnformasiya Sistemləri modellərinin tətbiqi ilə Eldar şamının Azərbaycanda və dünyanın fərqli bölgələrinə introduksiyası üçün perspektivli və ekoloji baxımdan yararlı ərazilər müəyyən edilib.
V.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi istiqamətində bir çox işlər görüb. Onun rəhbərliyi ilə Toxumçuluq sektoru fəaliyyətə başlayıb və toxum mübadiləsi məqsədilə dünyanın 100-dən artıq nəbatat bağları ilə əlaqələr yaradılıb. Bir sıra regional və beynəlxalq layihələrin iştirakçısı olan alim Türkiyə, Rusiya, İngiltərə, Fransa, ABŞ, Almaniya və s. ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və konqreslərdə Azərbaycanı təmsil edib.
Alim 130-dan artıq elmi əsərin, o cümlədən 5 kitab, 3 lüğət və 2 kataloqun həmmüəllifidir. V.Fərzəliyevin rəhbərliyi altında 2 biologiya üzrə fəlsəfə doktoru hazırlanıb, 2 nəfər isə müdafiə ərəfəsindədir.
Onun rəhbərliyi dövründə Mərkəzi Nəbatat Bağının gənc kadrları ABŞ, Rusiya, Türkiyə, Almaniya, İsveçrə, Çin Xalq Respublikası və s. ölkələrin nüfuzlu elm və təhsil ocaqlarında təhsil və ixtisasartırma kurslarına göndərilib.
Hazırda V.Fərzəliyevin rəhbərliyi ilə Mərkəzi Nəbatat Bağında ilk dəfə dendroxronologiya, Coğrafi İnformasiya Sistemlərinin bitkilərin introduksiyası sahəsində tətbiqinə dair tədqiqatlara başlanıb, Mərkəzi Nəbatat Bağının ekspozisiya və eksperimental kolleksiya sahələrinin tərtibi və elektron məlumat bazasının yaradılmasında müxtəlif istiqamətli fəaliyyətləri genişləndirilib.
Bioloq alimi 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.