İyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.
Tədbirdən öncə Şərqşünaslıq İnstitutunun əməkdaşları Rüstəm Əliyevin İkinci Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Sessiyanı giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq Rüstəm Əliyevin Azərbaycan şərqşünaslığını dünya miqyasında tanıdan alimlərdən olduğunu qeyd edib. O, R.Əliyevin keçdiyi ömür yolunun hər bir alimə örnək olduğunu vurğulayaraq, onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu söyləyib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli isə Rüstəm Əliyevi azərbaycanşünas alim kimi xarakterizə edib və onun nizamişünaslıqda xidmətlərinin əvəzsiz olduğunu deyib.
“Rüstəm Əliyevin həyatı və elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva dünya şöhrətli şərqşünas Rüstəm Əliyevin Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan olduğunu söyləyib. G.Baxşəliyeva orta əsrlər İran, Azərbaycan, ərəb və türk filologiyası sahəsində yüksək intellektə malik bu görkəmli alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri, mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatların onun istedadının, zəhmətsevərliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yarandığını vurğulayıb.
Qeyd edilib ki, alimə şöhrət gətirən, onu Şərq və Qərb aləmində geniş tanıtdıran Firdovsinin “Şahnamə”, Ömər Xəyyamın rübailərinin, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinin elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və tədqiqi olub. Sonralar alim Nizaminin “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətnini və “Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı”nın tərtibi kimi mühüm elmi işləri ərsəyə gətirib.
Sonra Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin “Dünya miqyaslı iranşünas”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Rüstəm Əliyev ərəbşünas kimi” mövzusunda məruzəsi dinlənilib.
Məruzələrdən sonra Rüstəm Əliyevin Moskvada yaşayan oğlu Med Əliyevin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib.
Daha sonra akademik Möhsün Nağısoylu, professorlar - Mehdi Kazımov, Vilayət Cəfərov, Rəhim Əliyev, Mahirə Quliyeva, Şəfəq Əlibəyli, Şahin Fazil çıxış edərək Rüstəm Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Rüstəm Əliyevin ailəsi adından yaxın qohumu Əli Həsənov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.