AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Reklam, tərcümə və dublyaj işində Azərbaycan dilinin tələblərinə əməl edilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir Media və Mülki Cəmiyyət İctimai Birliyinin AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının müəyyənləşdirdiyi “Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.
İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyətidir. Qeyd edib ki, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Reklamın xalqın dil və yazı mədəniyyətini göstərdiyini deyən M.Nağısoylu bu sahəyə xüsusi diqqət yetirməyin, ədəbi dil normalarını gözləməyin zəruriliyini söyləyib.
Sonra Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva çıxış edərək istənilən obyektin ünvanının Azərbaycan dilində əksini tapmalı olduğunu deyib. Bildirib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda küçə reklamlarının, afişaların yazılışının normaya uyğun olmasının vacibliyi vurğulanır. Onun sözlərinə görə, bu gün reklamlarda milli təqdimat çatışmır və tərcümələr düzgün aparılmır.
Tədbirdə, həmçinin layihənin rəhbəri Xanoğlan Əhmədov, jurnalist Vasif Sadıqlı, professor Sayalı Sadıqova, dosentlər - Baba Məhərrəmli, Qüdsiyyə Qəmbərova, Sevinc Məmmədova, Güntəkin Binnətova və digərləri çıxış edərək reklamlardakı dil qüsurlarından danışıb, nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.