Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Hüseyn Cavidin qızı, muzeyin sabiq direktoru, əməkdar mədəniyyət xadimi Turan Cavidin anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qeyd etdi ki, Turan Cavid cavidlərin sonuncu moqikanı kimi bütün ömrünü H.Cavid irsinin tədqiq və təbliğinə sərf etmiş, böyük dramaturqun küliyyatının orjinal variantına qaytarılması istiqamətində mühüm işlər görmüşdür: “Cavid özündən sonra Azərbaycan ədəbiyyatını son dərəcə zənginləşdirən ölməz əsərlər qoyub getdisə, T.Cavid də bu əsərlərin son mükəmməl nəşrini hazırlayıb öz xalqına təhvil verdi, sonra isə gözlərini əbədi yumdu”.
Tədbirdə G.Babaxanlı layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabı haqqında da ətraflı məlumat verdi. Bildirdi ki, yaxın günlərdə işıq üzü görəcək bu kitabda Turan Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən əlyazmalar, müsahibə mətnləri, məktublar, avtoqraflar, ona məxsus şəkillər və digər sənədlər öz əksini tapıb.
Sonda T.Cavidin muzeydəki fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoslayd, ona məxsus əşyalar və sənədlərdən ibarət sərgi nümayiş etdirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.