Noyabrın 6-da AMEA-nın Əsas binasında "Azərbaycan xalça sənətinin qorunması və inkişafı" mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Xalça Muzeyinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri, o cümlədən AMEA-nın Gəncə Bölməsinin və Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin əməkdaşları iştirak ediblər.
Konfransı giriş sözü ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açaraq Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılığın xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini bildirib. Vurğulayıb ki, dövlət başçısının 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xalçaçılıq sənətinin inkişafı istiqamətində görülən işlərin daha da sürətlənib, xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açılıb.
Ə.Salamzadə elmi-praktiki konfransın əhəmiyyətindən, burada dinləniləcək məruzələrin aktuallığından bəhs edərək, tədbirdə xalçaçılıq sənətinin tarixi aspektləri, bədii xüsusiyyətləri, xalça və toxuculuq sənətinin xalqın dünyagörüşündə, adət-ənənələrində və məişətində yeri kimi məsələlərin müzakirə olunacağını bildirib.
Daha sonra çıxış edən Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, xalçaçılıq dekorativ-tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir. Xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub.
Ölkəmizdə xalçaçılığın tarixindən danışan akademik T.Kərimli hazırda dövlətimiz tərəfindən bu sənətin daha da inkişaf etdirilməsinə ciddi diqqət yetirildiyini, milli dəyərimiz olan Azərbaycan xalçasının yaşadılaraq gələcək nəsillərə ötürüldüyünü qeyd edib. Bildirib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. 2010-cu ildə Azərbaycan xalçaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Akademik T.Kərimli Altayda Pazırıq kurqanlarından tapılmış ən qədim xalça nümunəsi hesab edilən (2500 il əvvəl) “Pazırıq” xalçasının da Qarabağda – qədim Bərdədə toxunduğunu diqqətə çatdırıb. Azərbaycanın Təbriz xalçaçılıq mərkəzinin Ərdəbil qrupuna aid olan "Şahabbası" xalçalarından bəhs edən alim bu xalçaların adının Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlı olduğunu bildirib.
Konfransda "Azərbaycan xalçalarında Heydər Əliyevin obrazı", "Azərxalça" ASC Azərbaycan xalça sənətinin keşiyindədir", "Qarabağ məktəbi xalçalarının əsas inkişaf istiqamətləri və Qarabağın saray xalçaları", "Azərbaycan kino sənətində xalça", "Azərbaycan xalçalarında ov motivləri", "Son orta əsrlər dövrü Gəncə xalçalarının öyrənilməsinin tətbiqi əhəmiyyəti" və digər mövzularda məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.
Məruzələrdə bildirilib ki, Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olan xalçalar üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Ulu öndər Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra xalçaçılığın inkişafında yeni mərhələ başlayıb.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Ölkə başçısının təşəbbüsü ilə yaradılan “Azərxalça” bir neçə strateji məqsədin reallaşdırılmasına imkan verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.