AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Eneolit və ilk tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun rəhbəri olduğu “Qarabağ neolit-eneolit ekspedisiyası"nın Füzuli rayonunun Horadiz şəhərinin inzibati ərazisinə daxil olan Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açıqlanıb.
Qeyd edək ki, abidə 44 günlük İkinci Qarabağ Müharibəsindəki qələbənin müjdəsi olan 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 m, sahəsi 0,9 ha olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə arxeoloji qazıntılara başlanılıb, bu ildə də davam etdirilib.
Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə zikkurat (akkadca siqquratu — “dağ zirvəsi”: — Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilib ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanıb. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkar edilib. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edilib.
Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda-məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq F6 kvadratının qərb hissəsində, dairəvi evin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kv.m hissəsi təmizlənib və üç səviyyədə 8 qəbir aşkar olunub. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib ki, bunlardan 7-si körpə (bir yaşa qədər), 3-ü yeniyetmə və 4-ü isə yetgin insanlara aid olduğu təxmin edilir. Skeletlər oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkar edilib. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda sadəcə bir qəbirdə (qəbir № 4) oxralı palçıq suvağın üstünə həsir qoyulub. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilib. Dəfn olunan insanların yanında pasta, malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.
Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcəkdir. Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.
Qeyd edək ki, neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi çevrələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji neolit mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb etməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.