Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Hər bir alim elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malikdir
25.10.2021 12:48
  • A-
  • A
  • A+

Hər bir alim elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malikdir

27-29 oktyabr 2021-ci il tarixlərində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək. Tədbirdə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssislərinin iştirakı nəzərdə tutulur.

İnstitutda beynəlxalq konfransa hazırlıq, eləcə də konfransa dair məlumatların media vasitəsilə ictimaiyyətə çatdırılması istiqamətində işlərin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, ölkədə qabaqcıl texnologiyaların tətbiqi, kibertəhlükəsizlik problemlərinin həlli yollarının tapılması istiqamətində fundamental tədqiqatların aparılması dövlət siyasətinin prioritetlərindəndir. Respublika üzrə elmi potensialın əsas mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyası dövlətin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialından səmərəli istifadə etməlidir. Akademiyanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Azərbaycan dövlətinin milli və strateji maraqlarının təmin olunmasında, Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə həm dövlət qurumu, həm də vətənpərvər ziyalı kimi yaxından iştirakı son dərəcə vacibdir.

Akademik ölkəmizdə belə bir nüfuzlu tədbirin keçirilməsinin NATO-nun Azərbaycan dövlətinə, onun apardığı siyasətə, eləcə də AMEA-ya olan etimadının göstəricisi olduğunu diqqətə çatdırıb. Rəhbərlik etdiyi institutun alim və mütəxəssislərini beynəlxalq konfransda fəal iştirak etməyə səsləyib, onların prioritet isiqamətlərdə apardıqları elmi tədqiqatların kibertəhlükəsizlik problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Bu tədbirin yeni elmi əlaqələr qurmaq, Azərbaycanda aparılan tədqiqatları dünyaya təqdim etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və xarici həmkarlarla birgə layihələr həyata keçirmək baxımından mühüm platforma rolunu oynayacağını vurğulayıb.

İnstitutun fəaliyyətinin ölkə və dünya ictimaiyyətinə çatdırılması, kütləvi informasiya vasitələri ilə münasibətlərin yüksək səviyyədə təşkilinin önəmindən söz açan R.Əliquliyev hər bir alimin elmi biliklərin peşəkar şəkildə populyarlaşdırılmasında əhəmiyyətli rola malik olduğunu söyləyib. Qeyd edib ki, alim və tədqiqatçılar konkret elmi istiqamətlər üzrə aparılan əsaslı tədqiqatlar, əldə edilən mühüm elmi nailiyyətlərlə bağlı məlumatların mediada işıqlandırılmasında fəallıq nümayiş etdirməlidir. Bu məqsədlə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışların edilməsi, sosial şəbəkələrin, video resurslarının imkanlarından geniş istifadə olunması xüsusi əhəmiyyət kəsb edir.

AMEA-nın vitse-prezidenti qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili üçün dəstək göstərməyə hər zaman hazır olduğunu da vurğulayıb.

Çıxışının sonunda akademik R.Əliquliyev “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfransa hazırlıq işlərinin sürətləndirilməsini tövsiyə edib, məsul şəxslərə bir sıra tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: