Aprelin 14-də Şərqşünaslıq İnstitutunun Akt zalında AMEA-nın İctimai Elmlər Bölməsinin “Azərbaycan tarixi” dərsliklərin vəziyyəti: problemlər və çıxış yolları” mövzusuna həsr olunan elmi seminarı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva, bölməyə daxil olan bir sıra elmi müəssisə və təşkilatların baş direktorları, alimləri, eləcə də Bakı Dövlət Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Seminarı akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə malik olduğunu, xalqımızın bir çox tarixi hadisələrə şahidlik etdiyini, adət-ənənələri, mədəniyyəti ilə bəşəriyyətin inkişafına töhfələr verdiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tarixi sovet hakimiyyəti illərində bir çox təhrifə məruz qalıb, xalqımızın tarixi, soykökü unutdurulmağa çalışılıb. Akademik bildirib ki, SSRİ dövründə tarix dərsliklərində Babəklə bağlı təhriflərə yol verilməyə çalışılsa da, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində bunun qarşısı alınıb.
Akademik Gövhər Baxşəliyevanın sözlərinə görə, ölkəmizin müstəqillik əldə etməsindən ötən 30 il ərzində AMEA-da Azərbaycanın qədim və zəngin dövlətçilik tarixi ilə bağlı sistemli tədqiqatlar aparılıb, bir çox kitablar, monoqrafiyalar, məqalələr çap edilib. Xüsusilə ermənilərin Qafqazın aborigen xalqı deyil, sonradan bu ərazilərə köçürülmələri ilə bağlı tədqiqatların xüsusi yer tutduğunu söyləyib. O, bu tədqiqatların dövlətçiliyimizi gücləndirdiyini, milli mənsubiyyətimizin inkişafına əməli töhfə verdiyini vurğulayıb. Həmçinin bu araşdırmaların gələcək nəsillərə çatdırılmasının önəminə toxunaraq, “Azərbaycan tarixi” dərsliklərinin dolğun və vahid milli konsepsiya əsasında hazırlanmasının vacibliyini bildirib.
Daha sonra tədbirdə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışovun “Azərbaycan tarixi” dərsliklərin vəziyyəti: problemlər və çıxış yolları” mövzusunda məruzəsi dinlənilib. Alim çıxışında qeyd edib ki, “Azərbaycan tarixi” kursu xalqın tarixi yaddaşının möhkəmlənməsinə yaxından kömək edir, tarixi keçmişi barədə təsəvvür yaradır, etnik və dil köklərini müəyyən edir. Onun sözlərinə görə, müstəqillik əldə etdiyimiz 30 illik bir dövr ərzində tariximizlə bağlı yeni-yeni elmi əsərlər, o cümlədən “Azərbaycan tarixi” dərslikləri yazılması təqdirəlayiqdir.
Ali məktəb tələbələri üçün nəzərdə tutularaq yazılmış “Azərbaycan tarixi” dərsliklərində tariximizin ayrı-ayrı dövrlərinə, xüsusilə tariximizin qədim dövrü ilə bağlı hadisələrə fərqli yanaşmaların mövcud olduğunu deyən alim bildirib ki, bu yanaşmalar xüsusilə Azərbaycan xalqının yaranması və formalaşması məsələlərinə dairdir və bu da öz növbəsində tələbə və geniş oxucu kütləsi üçün çaşqınlıq yaradır: “Qədim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədimdən burada yaşamaları barədə mövzular XX əsrin 60-cı illərindən başlayaraq tədqiqat obyektinə çevrilmiş və son illərdə daha da genişləndirilmişdir. Bu müddəanın əsas məzmununu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun olması fikri təşkil edir. İbtidai icma quruluşundan başlamış, ta günümüzədək olan dövrün tarixinin bir nəfərin “qələmindən” çıxması qeyri-mümkündür. Əlbəttə, bir nəfər tariximizin bütün dövrlərinin dərin bilicisi ola bilməz”.
V.Abışov sözügedən problemlər ətrafında təkliflərini də səsləndirib, Təhsil Nazirliyində, AMEA-nın müvafiq institutlarında, eləcə də ali məktəblərdə çalışan mütəxəssislərdən ibarət komissiyanın yaradılmasını və ilkin olaraq universitetlərdə tədris olunan “Azərbaycan tarixi” dərsliklərinin monitorinqinin keçirilməsini təklif edib. Həmçinin ciddi təhlil olunduqdan və xüsusi ekspert qrupunun razılığından sonra “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməsini məqsədəuyğun hesab edib.
“Azərbaycan tarixi” dərsliyinin yazılmasında özbaşınalıqların qarşısını almaq üçün aidiyyatı qurumlar tərəfindən ciddi ölçü götürülməsinin və müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyini bildirən alim hər kəs tərəfindən “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməməsinin önəminə toxunub.
Daha sonra məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Mövzu ilə bağlı çıxış edən İctimai Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Nərgiz Axundova, Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov sözügedən məsələyə münasibət bildirib, təkliflərini bölüşüblər. Həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Hidayət Cəfərov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova və başqaları çıxış edərək məruzədə toxunulan problemlərin aktual olduğunu bildirib, onların həlli ilə bağlı təkliflərini səsləndiriblər. Təkliflərdə dərsliklərin hazırlanması məqsədilə işçi qrupunun yaradılması və vahid milli konsepsiya əsasında “Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasının vacibliyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.