AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm və təhsil” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Pərixanım Mikayılqızının Firudin bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunmuş kitablarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli açıb. O, çıxışında Pərixanım Mikayılqızının dövlət qulluğunun baş müşaviri vəzifəsini layiqincə yerinə yetirməsi ilə yanaşı, zəhmətkeş tədqiqatçı olduğunu da xüsusi vurğulayıb. “Şuşa ili” çərçivəsində keçirilən bu tədbirin böyük əhəmiyyət daşıdığını bildirib.
Filologiya elmləri doktoru, professor Baba Babayev “Firudin bəy Köçərli - pedaqoq, tənqidçi, ziyalı kimi” məruzəsində Pərixanım Mikayılqızının bu istiqamətdə apardığı tədqiqat işlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanlı çıxış edərək müəllifin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
Digər iştirakçılardan filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva, Əməkdar jurnalistlər Şəmsiyyə Kərimova və Şəfəq Nasir, “Elm və təhsil” qəzetinin baş redaktor müavini Xanım Bilalqızı, müəllifin ailə üzvləri və başqaları Pərixanım Mikayılqızının fəaliyyəti barədə fikirlərini bölüşüblər.
Sonda müəllif Pərixanım Mikayılqızı çıxış edərək tədbirin təşkili üçün minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.