Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İctimai Elmlər Bölməsi 2021-ci ildəki fəaliyyətinə dair hesabat verib
27.04.2022 13:54
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsi 2021-ci ildəki fəaliyyətinə dair hesabat verib

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında İctimai Elmlər Bölməsinin (İEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti v.i.e., bölmənin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva bildirib ki, bölməyə daxil olan müəssisələrdə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında”, “Anım gününün təsis edilməsi haqqında”, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında”, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” və digər sərəncamlar, Dövlət proqramları, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları, o cümlədən AMEA-nın Rəyasət Heyətinin qərarlarının icrasından irəli gələn tədbirlərin həyata keçirildiyini bildirib.

Alim 2021-ci ildə bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlərin görüldüyünü, elmin inkişafı üçün mühüm addımların atıldığını söyləyib.

Akademik vurğulayıb ki, ötən il bölmədə Azərbaycanın ümumi, siyasi və sosial-iqtisadi tarixi, yeraltı və yerüstü tarixi abidələrin tədqiqi, bərpası və qorunması, şəhərlərin tədqiqi, yaşayış məskənləri və müxtəlif tipli qəbir abidələrində arxeoloji qazıntıların aparılması, Asiya ölkələrinin tarixi, ictimai-siyasi, iqtisadi və mədəni inkişafının qanunauyğunluqlarının və xüsusiyyətlərinin tədqiqi və təhlili, fəlsəfə tarixi, müxtəlif sahələrin fəlsəfi məsələləri, keçid dövrünün sosioloji, sosial-psixoloji problemləri, Azərbaycanda gender münasibətlərinin inkişafının fəlsəfi təhlili üzrə tədqiqat işləri aparılıb. Bundan əlavə, Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial-iqtisadi, makroiqtisadi və regional inkişaf problemlərinin tədqiqi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübənin təhlili və süni intelekt problemlərinin öyrənilməsi, Qafqazda baş verən siyasi problemlərin təhlili, müasir dövrdə milli məfkurə problemlərinin öyrənilməsi, Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, eləcə də onların toplanması, mühafizəsi, tədqiqi və nəşri, Dövlət atributları, numizmatika, epiqrafika istiqamətində mühüm işlər görülüb.

Qeyd edib ki, hesabat ilində bölmənin elmi-tədqiqat müəssisələrində 9 istiqamət üzrə 37 problemə aid 112 mövzu, 361 iş, 174 mərhələ üzərində elmi tədqiqatlar aparılıb, bunlardan il ərzində 52 mövzu, 292 iş, 172 mərhələ tamamlanıb. Həmçinin bölmənin elmi tədqiqat müəssisələrində 21, kənar təşkilatlarda isə 19 mühüm nəticə əldə olunub.

Elmi göstəricilər haqqında danışan məruzəçi bölmə əməkdaşları tərəfindən 2279 əsərin nəşr edildiyini, bunlardan 67-sinin kitab (8-i xaricdə), 83-nün monoqrafiya (9-u xaricdə), 1746-sının məqalə (341-i xaricdə, 55-i “Web of Science”, “Scopus” bazalarında), 383-nün tezis (137-si xaricdə), 6-sının dərslik, dərs vəsaiti və metodik vəsait olduğunu bildirib. O cümlədən bölmə əməkdaşlarının əsərlərinə 2384 istinadın edildiyini söyləyib.

Daha sonra akademik Gövhər Baxşəliyeva Qarabağın və Zəngəzurun tarixi, arxeologiyası, iqtisadiyyatı, mədəniyyəti və s. istiqamətlərdə aparılan və nəzərdə tutulan tədqiqatlar, İEB-in beynəlxalq əlaqələri, elektron elmin vəziyyəti, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, təltiflər və mükafatlar haqqında məlumatı Ümumi yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

AMEA-nın fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üçün strateji məsələlərə toxunan akademik bir sıra təkliflərini səsləndirib. Burada ölkədə biznes mühitinin yaxşılaşdırılması və elmi rəqabətliliyin təmin edilməsi məqsədilə inkişaf etmiş ölkələrin elmi və ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanmasının həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi, mədəniyyət, eləcə də Qafqaz Albaniyası dövrü arxeoloji abidələrdə tədqiqatların aparılması işinin gücləndirilməsi, “Şuşa ili” çərçivəsində Şuşa şəhəri və ətrafına arxeoloji ekspedisiyaların təşkil edilməsinə və etnoqrafik tədqiqatların aparılmasına diqqətin artırılması, əlyazmalar, arxiv sənədləri və digər mənbələr əsasında “Şuşanın görkəmli şəxsiyyətləri” haqqında kollektiv monoqrafiyanın hazırlanması və digər mühüm məsələlər öz əksini tapıb.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: