AMEA Naxçıvan Bölməsində bu elmi qurumun və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı: mövcud vəziyyəti və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişaf səviyyəsində kənd təsərrüfatı da yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlar aqrar sektorun sürətli inkişafını təmin etməklə yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdırıb.
Akademik İ.Hacıyev qeyd edib ki, aqrar sektora göstərilən diqqət onun muxtar respublika iqtisadiyyatında ümumi payının artmasına və əsas gəlirli sahələrdən birinə çevrilməsinə səbəb olub.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Elşad Əliyevin “Aqrar sahənin dinamik inkişafı və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə əldə olunan yeniliklər barədə ətraflı məlumat diqqətə çatdırılıb. Qeyd olunub ki, muxtar respublikada iqtisadiyyatın aparıcı sahələrindən biri də aqrar sektordur. Aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat sahələrinin yaradılması istiqamətində görülmüş işlər muxtar respublikada kənd təsərrüfatının dinamik inkişafına şərait yaradıb.
E.Əliyev təsdiq olunmuş dövlət proqramındakı tədbirlərin icrası, meliorasiya və irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz müəssisələrinin işə salınmasının muxtar respublikada kənd təsərrüfatının inkişafına zəmin yaratdığını bildirib.
Elmi konfransda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov “Genetik fondun qorunub saxlanılması və ərzaq təminatı”, Naxçıvan Bölməsinin Bioresurslar İnsitutunun direktoru, akademik Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçilik: imkanlar, perspektivlər”, bölmənin Elmi-təşkilat şöbəsinin rəisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Orxan Bağırov “Naxçıvan Muxtar Respublikasının təsərrüfat əhəmiyyətli çəyirdəkli meyvə bitkiləri”, Bioresurslar İnsitutunun laboratoriya rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev “Naxçıvan Muxtar Respublikası şəraitində stress amillərə qarşı davamlı taxıl sortlarının yaradılması”, həmin institutun böyük elmi işçisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov “Naxçıvan Muxtar Respublikasında almanın genefondu” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
İclasa yekun vuran akademik İsmayıl Hacıyev həyata keçirilən tədbirlərin Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində mühüm əhəmiyyət daşıdığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir