Oktyabrın 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirildi. Vitual muzey Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunub.
Təqdimat mərasimində dövlət və hökümət rəsmiləri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin üzvləri və KİV nümayəndələri iştirak edirdilər.
Sərginin açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi qurumun keçdiyi tarixi yola nəzər saldı, bu müəssisənin fəaliyyət istiqamətlərindən danışdı.
Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik tarixi, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumatlar verildi, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş etdirildi. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi – 95” kitab-albomu da təqdim olundu.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan tarixinin təbliği istiqamətində qurumun mühüm işlər gördüyünü vurğuladı, muzeyin ekspozisiyasında cəmiyyətimizin müxtəlif inkişaf mərhələlərinin əks olunduğunu bildirdi. Azərbaycanda tarix elminin inkişafında muzeyin əvəzsiz xidmətləri olduğunu söyləyən İ.Həbibbəyli bildirdi ki, tariximizə və mədəni irsin qorunmasına böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin göstərişinə əsasən çoxsaylı abidələr və mədəniyyət ocaqları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi də yenidən qurulmuş, yeni eksponatlarla zənginləşmişdir.
Tədbirdə “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin koordinatoru, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev “Virtual Qarabağ Tarixi Muzeyi”nin Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıdığını bildirdi. Qeyd etdi ki, bu cür muzeylər dünyanın müxtəlif tanınmış muzeyləri tərəfindən hazırlanır. Təqdim olunan muzey internet məkanında Qarabağ həqiqətlərinin daha geniş miqyasda yayılmasına xidmət edəcək.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, “Virtual Qarabağ Tarixi Muzeyi”nin layihə rəhbəri Səbuhi Hüseynov muzey haqqında geniş təqdimatla çıxış etdi.
Bildirildi ki, “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini əks etdirən eksponatları bir yerdə toplamaq, Qarabağın mədəniyyətini, tarixini təbliğ etməkdən ibarətdir. Burada Qarabağa dair Azərbaycanın və dünyanın 32 muzey və şəxsi kolleksiyasından 900-ə yaxın eksponat toplanıb.
Təqdimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları çıxış edərək muzeyin keçdiyi inkişaf yolundan danışdılar, qurumun kollektivini yubiley münasibətilə təbrik etdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir