Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2023 16:24
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Hüseyn Cavidin Ev Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ulu Öndərin vəfatından 20 il keçir. Bu münasibətlə Azərbaycanın böyük dramaturq şairi Hüseyn Cavidin Ev Muzeyində anım günü tədbiri keçirilib.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev ömrünü xalqın yolunda sərf etmiş fenomenal bir dövlət xadimi idi. Heydər Əliyev monumental iradəsi ilə ən çətin anlarda belə geri çəkilməyən, mətin, uzaqgörən, xalqını öz arxasınca irəli aparmağı bacaran bir siyasətçiydi: “Bu gün biz Hüseyn Cavidin Ev Muzeyi olaraq Ümummilli Lideri dərin hörmətlə anırıq. Biz xoşbəxt xalqıq. Çünki böyük siyasətçinin qurduğu Azərbaycan bu gün fərqli zirvədədir”.

O, diqqəti Ulu Öndərin Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına xüsusi önəm verdiyinə yönəldərək qeyd edib ki, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin əsərlərinin və fəlsəfi dünyagörüşünün təbliği ilə yanaşı, xatirəsinin əbədiləşdirilməsi də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində mümkün olub: “Onların adlarının qoşa çəkilməsi təsadüfi deyil, çünki Heydər Əliyev deyəndə Hüseyn Cavid, Hüseyn Cavid deyəndə Heydər Əliyev anılır. Xalqımız üçün misilsiz xidmətlər göstərmiş iki dahi, iki böyük şəxsiyyət xalqın yaddaşında hər zaman yaşayacaq. Cavid sevgisinin Ulu Öndər Heydər Əliyevdən onun uzaqgörən, müdrik ardıcılı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ötürülməsi Cavid eşqinin, Cavid nurunun sönməyəcəyinə dəlalət edir və nə yaxşı ki, dahi rəhbərin göz bəbəyi kimi qoruduğu vətənsevərlik, millətsevərlik ənənələri ilə yanaşı, ədəbiyyat təəssübkeşliyi bu gün möhkəm və etibarlı əllərdədir”.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: