AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkil etdiyi “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” adlı 3-cü beynəlxalq elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli tədbirin məqsədinin Qarabağ irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsi olduğunu qeyd edib. Akademik T.Kərimli vurğulayıb ki, Prezident İlham Əliyevin elan etdiyi “Heydər Əliyev” ili artıq başa çatmaqdadır. 2023-cü il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib və H.Əliyev haqqında dəyərli nəşrlər dərc olunub.
Teymur Kərimli Qarabağ irsinin tədqiqi istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Yaradıcı insanların, görkəmli şəxsiyyətlərin məhz Qarabağ torpağında yetişdiyini vurğulayıb.
Sonra institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tədbir iştirakçılarını və qonaqları salamlayıb. Qeyd edib ki, mədəniyyətin beşiyi olan Qarabağda incəsənətin bütün sahələri üzrə zəngin köklü sənət nümunələri mövcuddur. Memarlıq, musiqi, ümumilikdə incəsənət sahəsində bu bölgənin aşkar olunmuş uğurlu tədqiqat işləri elmə məlumdur. Mədəniyyət və incəsənət sahəsində Qarabağ irsinin, o cümlədən abidələrin, müxtəlif sənət nümunələrinin, musiqinin tədqiqi sahəsində əldə olunan nailiyyətlərə, ümumilikdə mədəniyyət tariximizə qarşı ermənilər saxtakar fikir yürütmüş, hər zaman məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Lakin Azərbaycan alimləri tərəfindən bu yönümdə cavab tədbirləri kimi müəyyən addımlar atılır.
Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq ü.f.d., dosent Xəzər Zeynalov “AMEA rəssamlarının yaradıcılığında (Azərbaycan) Qarabağ mövzusu”, sənətşünaslıq ü.f.d., dosent Gülrəna Mirzə “XIX əsrdə Qarabağın təsviri və tətbiqi sənətləri”, institutun elmi katibi v.i.e., sənətşünaslıq ü.f.d. Ramil Quliyev “Qədim Qarabağ mədəniyyətində bədən üstündəki təsvirlər”, Əməkdar mədəniyyət işçisi Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq ü.f.d., dosent Ülkər Talıbzadə, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Zəfər mövzusu”, Şəhərsalma şöbəsinin müdiri, memarlıq ü.f.d., dosent Samirə Abdullayeva “Zəfər yolu-şəhər və yaşayış məskənlərinin yenidən qurulması”, sənətşünaslıq ü.f.d Məlahət Ağayeva “Azərbaycan teatrı səhnəsində Qarabağ mövzusu” adlı məruzələrlə çıxış etdilər. Mövzu ilə bağlı daha bir neçə çıxış konfrans iştirakçılarına təqdim edildi.
Konfransda həmçinin xarici ölkələri təmsil edən alimlərdən sənətşünaslıq doktoru, professor, Kamola Akilova “Türk-səlcuq incəsənətinin insan obrazının təkamülü probleminə dair”, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Başqırdıstan Əməkdar incəsənət xadimi, professor Mars Axmadullin “Rusiyanın türk xalqlarının yığma şriftləri” adlı məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.