Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2023 09:58
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Heydər Əliyev İli”nə həsr edilmiş yekun konfrans keçirilib

Gəncə Bölməsində “Heydər Əliyev İli”nə həsr edilmiş yekun konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qoruyucusudur” mövzusunda yekun konfrans keçirilib.

Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, müasir dövlətçiliyimizin banisinin əziz xatirəsini yad ediblər.

Sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyi münsibətilə Gəncə Bölməsində ərsəyə gətirilmiş nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

AMEA Gəncə Bölməsinin böyük iclas salonunda keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev giriş nitqində bildirib ki, Bölmə tərəfindən hazırlanmış tədbirlər planı əsasında bu əlamətdar il çərçivəsində elmi konfranslar, dəyirmi masalar, seminarlar və digər görüşlər keçirilib. O, həmçinin Bölmə tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasını, “Ata vəsiyyəti” və “İlham Əliyevin Gəncə şəhərinə səfərləri” kitablarını, eləcə də bu qəbildən olan digər elmi və kütləvi nəşrləri tarixi yubiley ilinə Gəncə alim və tədqiqatçılarının töhfəsi kimi səciyyələndirib.

Akademik Fuad Əliyev Bölmə tərəfindən “Heydər Əliyev İli” çərçivəsində aparılan işlərin olduqca məhsuldar xarakter daşıdığını vurğulayıb və onların reallaşdırılmasına görə Bölmənin əməkdaşlarına, eləcə də bu istiqamətdə öz dəstəyini əsirgəməyən Gəncə İcra Hakimiyyətinə minnətdarlığını çatdırıb.

Sonra konfransın məruzələri dinlənilib.

Bölmənin Elm və Təhsil şöbəsinin müdiri Aynurə Həsənova ““Heydər Əliyev İli”nə həsr olunmuş konfranslar”, Elmi katibi Elnur Həsənov “Heydər Əliyev və multikultural dəyərlər”, Diyarşünaslıq İnstitutunun böyük elmi işçisi Mətanət Əliyeva “Gəncə xanlığının Azərbaycan dövlətçilik tarixində rolu”, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “AMEA Gəncə Bölməsində hazırlanmış “Heydər Əliyevin Gəncənin intibahında rolu” adlı sənədli film haqqına”, Elm və Təhsil Nairliyinin Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Qarabağ zəfərindən Zəngəzura gedən yol”, Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Heydər Əliyev və klassik irs”, Mərkəzin elmi işçisi Xəyalə Hüseynova “Heydər Əliyev dini-mənəvi dəyərlərimizin qoruyucusu kimi” mövzularında çıxış ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Gəncə ziyalılarının, şəhərin elmi  və yaradıcı ictimaiyyətinin, xüsusən AMEA Gəncə Bölməsinin kollektivinin “Heydər Əliyev İli” ilə bağlı fəal mövqe nümayiş etdirdiklərini qeyd edib. O, Bölmənin sədri akademik Fuad Əliyevə şəhərin elmi və ictimai həyatında göstərdiyi xidmətlərinə görə minnətdarlığını ifadə edib.

AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova öz çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən də “Heydər Əliyev İli” ilə bağlı Gəncə Bölməsinin apardığı işlərin təqdirəlayiq hal kimi qiymətləndirildiyini və Bölmənin sədri, akademik Fuad Əliyevin, eləcə də yubiley ilində bu elm ocağında ərsəyə gətirilmiş üç kitabın həmmüəllifi olan əməkdaşların Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edildiyini xatırladıb.

Konfransın gedişində “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərdə fərqlənən əməkdaşlara Bölmənin Rəyasət Heyətinin Fəxri fərmanları təqdim edilib.

Konfransın sonunda akademik Fuad Əliyev bir daha qarşıdakı bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbriklərini çatdırıb və AMEA Gəncə Bölməsinin kollektivinin dövlətçiliyimizin möhkəmləndirilməsi və cəmiyyətimizin inkişafı naminə bundan sonra da var gücü ilə çalışacağını bildirib.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: