Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.12.2023 10:58
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü ilə yol hərəkatı qaydalarına dair maarifləndirici tədbir keçirilib

Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü ilə yol hərəkatı qaydalarına dair maarifləndirici tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Şəki Dövlət Yol Polisi Mərkəzində “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” və “Nəqliyyat vasitələrinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Regional Elmi Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev və digərləri iştirak ediblər.

Yusif Şükürlü tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi olduğunu bildirib.

Sonra polis baş leytenantı Tural Niftalıyev mövzularla bağlı məruzə edərək bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri təhlil edildikdə 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayının yüksək olduğunu görürük. Hər bir gəncin öz bilik və bacarıqlarını formalaşdırmaqla yanaşı, nizam-intizamlı olması, xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün əhəmiyyətlidir.

Dünya statistikası barədə də məlumat verən Tural Niftalıyev qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada orta hesabla 1.3 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində dünyasını dəyişir. ÜST-nin məlumatlarına görə, dünyada qeydə alınan qəza qurbanlarının yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilərdir. Dünyada 16-29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Bu səbəbdən də, yeniyetmələrin və gənclərin maarifləndirilməsi istiqamətində Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktik tədbirlər intensivləşdirilib.

O, 2023-cü ildə Şəkidə xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyini diqqətə çatdırıb.

Polis baş leytenantı Tural Niftalıyev uşaqların, yeniyetmələrin və digər piyadaların yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi üçün bir daha elmi işçiləri həm valideyn, həm də ictimai fəal ziyalılar kimi, piyada və sərnişin, eləcə də sürücü qismində qaydalara əməl etməklə yol hərəkəti qaydaları haqqında bilik və vərdişlərin aşılanmasında Dövlət Yol Polisinə dəstək göstərməkdə fəal olmağa çağırıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Tural Niftalıyev yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasında səmərəli fəaliyyətinə görə Şəki Regional Elmi Mərkəzi tərəfindən Fəxri fərmanla mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: