Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.01.2024 16:12
  • A-
  • A
  • A+

MEK-də “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq konfrans keçirilib

MEK-də “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda XV beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Türkiyənin, ABŞ-ın və Azərbaycanın ümumilikdə 20-dən artıq universitetlərindən 50-dən çox nümayəndənin qatıldığı konfrans Mərkəzi Elmi Kitabxananın, həmçinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransın plenar iclasında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in direktoru professor Məmməd Əliyev konfransda çıxışı zamanı iştirakçılara rəhbərlik etdiyi kitabxananın fəaliyyəti haqqında məlumat verib, ötən il ərzində MEK-in bir sıra yerli və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu konfransın Türk dünyasının mədəni münasibətlərinə yeni səhifə açacağına inamını ifadə edib.

İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov isə çıxışında qurumun fəaliyyətindən danışıb, eləcə də ölkənin bir sıra universitetlərində cari ildə keçiriləcək konfranslar, tədbirlər haqqında məlumat verib və konfransın işinə uğurlar arzulayıb.

Sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: