Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.01.2024 16:02
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən istedadlı məktəblilərə diplomlar təqdim edilib

Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən istedadlı məktəblilərə diplomlar təqdim edilib

“Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya edən Bakı məktəblərindən istedadlı və fəallıqları ilə seçilən şagirdlər təltif ediliblər.

İnstitutun Elmi şurasının iclasında məlumat verən icraçı direktor kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Sabunçu rayon 192 saylı orta məktəbin şagirdləri institutda olublar, laboratoriyalarda olan müasir fiziki-kimyəvi cihazlarla və aparılan elmi tədqiqatlarla yaxından tanış olublar: “Digər məktəblərin şagirdlərindən fərqli olaraq bu məktəbin 8-ci sinif şagirdləri olan Aysel Seyidova və Zeynəb Quliyeva Aşqarlar Kimyası İnstitutnun görkəmli alimləri olmuş akademiklər - Əli Quliyev və İzzət xanım Orucova haqqında maraqlı təqdimatla çıxış etdilər. Onların elmə marağını artırmaq üçün qiymətləndirməyə qərar verdik”.

Sonra şagirdlərə diplomlar təqdim olunub.

İclasda hazırda təhsilini davam etdirən doktorant və dissertantlar attestasiyadan keçirilib. Ə.Sucayev bildirib ki, elmin inkişafının hazırkı yenilənmə mərhələsi dünyanın müasir tələblərinə və ölkəmizdə yaradılan yeni reallıqlara uyğunlaşdırılmalıdır. O, institut rəhbərliyi tərəfindən gənclərə hər zaman dəstək olacaqlarını, onlara maddi-texniki və informasiya dəstəyi veriləcəyini diqqətə çatdırıb.

Daha sonra 2024-ci il üzrə institut laboratoriyalarının illik fəaliyyət və institut elmi seminarlarının planları, o cümlədən, Ekspert şurasının yenilənmiş tərkibi təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: