Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2024 14:32
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbir keçirilib

Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi seminar təşkil olunub.

Seminarı giriş nitqi ilə açan institutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzalandığı Sərəncama əsasən Dendrologiya İnstitutunda 2024-cü ildə tədbirlər planına salınacaq işlərdən danışıb.

O, Dendrologiya İnstitutunun 2023-cü il tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrasından və gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətin mühafizəsinin gücləndirilməsi, ekoloji maarifləndirmə işinin təşkili üçün bu kimi layihələrin həyata keçiriləcəyini vurğulayıb. Alim qeyd edib ki, ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür. Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların, bioloq və ekoloqların üzərinə mühüm vəzifə düşür.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova, Bitki sistematikası laboratoriyasının elmi işçisi Venera Əhmədova, Meşə ekosistemləri laboratoriyasının elmi işçisi Nigar Bədəlzadə elmi seminarda “Yaşıl dünya sağlam həyatdır” mövzusu ilə çıxış ediblər.

Çıxışlarda ölkəmizin 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP29-a edəcəyi ev sahibliyindən və həmin tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük inamın təzahüründən danışılıb.

Qeyd edək ki, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasını, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ ərazilərini yaşıl enerji zonası elan edib. İşğaldan azad olunmuş bölgələrə böyük qayıdış layihələrinə başlanılıb. Bərpa-quruculuq işləri çərçivəsində həyata keçirilən meqalayihələr yaşıl texnologiyalara əsaslanır. Azad olunmuş bölgələrdə ağıllı şəhərlər, kəndlər salınır, təmiz nəqliyyat infrastrukturu yaradılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: