Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Yaqub Mahmudov” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Yaqub Mahmudov barədə dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yaqub_Mahmudov/index.htm linkindən istifadə edə bilər.
Kitabxanada, həmçinin akademikin yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb. Ənənəvi sərgi bir həftə davam edəcək.
Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Dağıstan Respublikasının Əməkdar elm xadimi və yeddi beynəlxalq akademiyanın həqiqi üzvüdür.
“Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “Ataman Anton Qolovatıy” ordenləri ilə təltif olunub. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qələm”, “Humay” və digər çoxsaylı mükafatların laureatıdır.
Akademik Yaqub Mahmudov bir sıra beynəlxalq mükafatlara, o cümlədən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və Beynəlxalq Atatürk Mükafatına layiq görülüb. XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilib.