II yazı
Biz 1840-1914-cü illləri əhatə etmiş II Dünya Sənaye İnqilabının naliyyətlərinə qısa baxışımızı yekunlaşdırarkən Azərbaycanda sənaye-iqtisadi tərəqqi hadisələrini də lokonik şəkildə yada salmağı məqsədəuyğun hesab edirik.
Beləki, II Dünya Sənaye İnqilabının dövründə Azərbaycana Nobel qardaşlarının gəlişi ilə iqtisadi sahədə böyük canlanma başlamış, neft istehsalı və ixracı əhalinin rifahında həlledici rol oynamışdır. Maraqlıdır ki, Azərbaycanda II Dünya Sənaye İnqilabının başlaması sənaye inqilablarının “beşiyi” olan Avropa, həmçinin Azərbaycanın tərkibində olduğu Rusiya imperiyası ilə elmi, iqtisadi əlaqələri olan Nobel qardaşlarının Azərbaycanı kəşf etməsilə bağlı olmuşdur. Nobel ailəsinin qısa tarixçəsi. Beləki, Nobel qardaşları kasıb, sadə, hətta faciəli taleyi olan İsveç ailəsində böyümüşlər. Ataları İmmanuel Nobel 1833-cü ildə müflis olduqdan sonra İsveçi tərk edərək Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüşdür. O Sankt-Peterburqda əvvəlcə onu çox zənginləşdirən hərbi texnikanın təmiri işi ilə məşğul olmuş, dəniz minalarının mexanizmlərini kəşf etmiş, bu elmi sahəni inkişaf etdirmiş, habelə mexaniki sənaye üçün dəzgahlar və radiatorlar, binaların mərkəzi istilik sisteminin isti su ilə işləməsi üçün texnika ixtira etmişdir. Lakin 1853-1856-cı illərdə Rusiyanın Türkiyə ilə apardığı Krım müharibəsi zamanı İmmanuel Nobel yenidən müflisləşmiş, idarəçilikdə məhdudiyyətlərlə qarşılaşdıqda məcbur olub oğlu Lüdviqi ailə müəssisəsinə rəhbər təyin etmişdir. 2 oğlu - Alfred və Emil onunla Sankt-Peterburqda qalmış ailənin bir hissəsi (həyat yoldaşı və 2 oğlu) isə iş qurmaq məqsədi ilə İsveçə qayıtmışdır. 1864-cü ildə iş yerlərində partlayış olmuş, İmmanuel Nobelin oğlu Emil və bir neçə nəfər həlak olmuşdur. Bu faciəyə dözə bilməyən İmmanuel Nobel insult keçirmiş, ömürlük iflic vəziyyətə düşmüşdür. Bununla da ailənin biznes işləri Sankt-Peterburqdakı digər qardaşa, Alfredə həvalə olunmuşdur. Rusiyada kimya elmi üzrə təhsil almış Alfred bu sahədə elmi tədqiqatlar aparıb və kimya üzrə doktor dərəcəsini qazanmışdır.
Qısa müddətdə Alfred və digər qardaşların kimya elmi sahəsi üzrə kəşfləri dünyaya səs salmışdır. Məhz bu zaman Nobel qardaşlarının əsl mənada zənginləşəcəkləri, məşhurlaşacaqları Azərbaycana səfərləri başlamışdır. Konkret olaraq “Nobel qardaşlarının” Azərbaycana səfərləri Lüdviqin yeni ixtirası – tüfəng istehsal etmək məqsədi ilə bağlı olub. Robet və Lüdviq həmin tüfəngin hazırlanması üçün lazım olan “dəmir ağacın” Azərbaycanda olduğunu öyrəndikdə idxal xərclərini düşünərək Qafqaz meşələrindəki tədqiqatlara start veriblər.
Robert Nobel Azərbaycana, Bakıya gəldikdə isə torpaqlar üzərindən görünən qara (yağlı) parıltılı neft diqqətini cəlb edib. O burdan böyük gəlir götürəcəklərinə əmin olaraq Bakıda “Qara şəhərdə” fəaliyyət göstərən “Tiflis Neft Kompaniyasından” 1000 sterlinə, indiki məzənnə ilə təxminən 4000 manata kiçik bir neft şirkəti alıb. Lüdviq Nobel əvvəl-əvvəl buna inanmayıb və necə deyərlər, bu işə baş qoşmayıb. Ancaq üçüncü qardaş - Alfred Lüdviqdən fərqli olaraq Robeti dəstəkləyib, onu həvəsləndirib. Alfred Bakı neftinin Fransa kimi inkişaf etmiş bir dövlətin neft bazarında xüsusi dəyər daşımasını, hətta bu işə sərmayə qoymağa hazır olduğunu qardaşlarına bildirib.
Bu nikbinliklə Nobel qardaşları Bakının yaxınlığında yerləşən bol neft çıxan Sabunçu kəndində şirkətləri üçün bina tikirlər, neft istehsalında tələb olunan avadanlıqlar alır, peşəkar işçilər axtarıb tapır və beləliklə, yüksək gəlir əldə etməyə başlayırlar. Neft sahəsində öz bacarıqlarını gün-gündən genişləndirən Nobel qardaşları Azərbaycanın paytaxtı Bakıda da şirkətlər qurub həm ölkəmizdə neft sənayesini inkişaf etdirir, həm də zənginləşməyə başlayıblar. Nobel qardaşları beləcə qısa müddətdə Azərbaycanın neft sənayesi sahəsinə sahiblənmişlər.
Azərbaycanın neftindən götürdükləri gəlir hesabına Nobel qardaşlarının varidatlarının həcmi XX əsrin ilk dekadasında artıq elə bir həddə çatır ki, onlar elmin inkişafı məqsədi ilə Nobel mükafatı təsis etmək qərarına gəlirlər və 1901-ci ildən başlayaraq dünya elmində fərqlənən alimlərə kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat elmi sahələri və ayrıca Sülh Nobel mükafatları verilir. Nobel mükafatının məbləği təxminən 1.5 milyon ABŞ dollardır (Xatirə Quliyeva.Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları (Dördünü məqalə) https://science. gov. az/ az/news/open/23720).
Bu mərhələdə Azərbaycanda iqtisadiyyatın inkişafına böyük təsiri olmuş, öz xalqının rifahi naminə əvəzsiz xeyriyyəçilik işləri həyata keçirmiş Hacı Zeynalabdin Tağıyevin sənaye inqilabının məzmun və mahiyyətinə uyğun fəaliyyəti tarixi əhəmiyyət kəsb edir. Rusiya imperiyasına daxil olan Azərbaycanın Abşeron yarmadasında neft sahəsinin inkişaf tarixi kimi də qiymətləndirilən hadisələrdən biri - Hacı Zeynalabdin Tağıyevin 1873-cü ildə Bibiheybətdə icarəyə yer götürməsi və quyudan neftin fontan vurması ilə ölkədə Zeynalabdin Tağıyev adı ilə bağlı “sənaye inqilabı” baş vermişdir. Bu inqilab hadisəsinə ölkədə Avropa memarlıq üslubunda (məs. barokko) bina inşası ənənəsinin yaranmasını, karvansaralar, vətəgəçilik, gəmiçilik, balıqçılıq sənayesini, meşəçilik sahəsinin inkişafını misal olaraq göstərmək olar.
Millətini sevən milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş “Hamının sevimlisi (H.Z.Tağıyev haqqında)” (Əşir Bəşiroğlu. Hamının Sevimlisi. (H.Z.Tağıyev haqqında) Təknur.2012.11 s. http://anl.az/ el/ Kitab/Azf-269357.pdf) kitabdan bir iqtibas gətirmək yeinə düşər. Hacı Zeynalabdin Tağıyev haqqında dolğun məlumatlar verən kitab müəllifi Əşir Bəşiroğlu yazır: “70-ci illərin sonuna yaxın Tağıyevin artıq 3 ağ neft zavodu vardı. Bunlardan kifayət qədər “geniş” olan biri Bibiheybətdə onun mədənlərinin yanında tikilmişdi. 1878-ci ildə ticarət və sənaye müəssisələrinin baş yoxlama jurnalında 9-cu nömrə altında H.Z.Tağıyevə mənsub olan “iki qazanı və altı fəhləsi olan ağ neft zavodu” və texniki xarakteristikası verilməmiş başqa bir zavod qeydə alınmışdı. 72-ci nömrə altında verilmiş anbarı, çəllək emalatxanası və 7 fəhləsi olan 3 qazanlı daha bir ağ neft zavodunun Hacı Hüseyn Tağıyevə mənsub olduğu göstərilmişdir. Hacı Hüseyn Tağıyevin H.Z.Tağıyevin müvəkkili olduğunu nəzərə alsaq, zavodun kimə mənsub olduğu aydınlaşır” (Əşir Bəşiroğlu. Hamının Sevimlisi (H.Z.Tağıyev haqqında) Təknur.2012.11 s. http://anl.az/el/Kitab/Azf-269357.pdf).
Kitabda Hacı Zeynalabdin Tağıyevin II Dünya Sənaye inqilabını ehtiva edən fəaliyyəti şərh olunarkən onun neft sənayeçilərinin 1883-cü il siyahısında bir ağ neft zavodunun müştərək, digər zavodun sahibkarı kimi isə tək göstərildiyi, 80-ci illərin ortalarında Zeynalabdin Tağıyevin ortaqlarından ayrılıraq öz payını satın aldığı və özünün müstəqil “H.Z.Tağıyev ticarət evi”ni təşkil etdiyi qeyd edilir. Müəllif göstərir ki, “Bu, həmin dövrdə ticarət evləri formasında fəaliyyət göstərən, ayrı-ayrı şəxslərə mənsub fərdi müəssisələrin yaranması nümunəsi idi. 80-ci illərin əvvəllərində Tağıyev firmasına Bibiheybət və Balaxanıda 30 desyatin neftli torpaq, neft məhsulları daşımaq üçün 2 yelkənli gəmi, Sarıtsin, Nijni Novqorod və Moskvada anbarlar və iki zavod (biri ağ neft, digəri idə sürtkü yağları istehsalı zavodu) mənsub idi. 1885-ci ildə firma 7 mln.pud neft çıxarmış və 2 mln.pud ağ neft istehsal etmişdir. Öz istehsal gücünə görə Tağıyevin zavodları ancaq “Nobel qardaşları” və “Xəzər” şirkətlərinin, habelə “Batum neft sənayesi və ticarət cəmiyyəti”nin zavodlarından geri qalırdı” (Əşir Bəşiroğlu. Hamının Sevimlisi. (H.Z.Tağıyev haqqında) Təknur.2012.11 s. http://anl.az/el/Kitab/Azf-269357.pdf).
Hacı Zeynalabdin Tağıyevin böyük sənayeçi, iqtisadçı fəaliyyətini ifadə edən bir dəlil də onun Azərbaycanda ilk elektrik qatarlarının istifadəyə verilməsi hadisəsi ilə əlamətdardır. “Suraxanıdan Sabunçuya qədər 150 illik yol – Bakıda dəmiryolunun tarixi” araşdırma məqaləsinin “Dəmiryolu torpaqlarını dövlət satın aldı” başlıqlı hissədə göstərilir ki, “Dəmir yolunun çəkilməsi üçün əsas vəzifələrdən biri Balaxanı, Suraxanı zolağına düşən ərazilərin tezliklə sahiblərindən satın alınması idi. Şəhər rəhbərliyi bu torpaqların qiymətləndirilməsini xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırır. Komissiya araşdırma apararaq 21 desyatindən çox olan torpaq sahəsinə 34 580 rubl qiymət qoyur. Bütövlükdə neft sahəsində dəmir yolu xəttinin çəkilməsi xərci 784,9 min rubl təşkil edirdi. Torpaqlar alındıqdan sonra 1878-ci ildə 25,2 verstlik (27 km) Bakı–Suraxanı–Sabunçu dəmiryol xəttinin çəkilişinə başlanıldı. Tikinti işləri sürətlə gedirdi və artıq 1879-cu ildə başa çatdı. Həmin il dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır” ( Suraxanıdan Sabunçuya qədər 150 illik yol – Bakıda dəmiryolunun tarixi” araşdırma məqaləsində. https://fed.az/az/biznes-tarixi/suraxanidan-sabuncuya-qeder-150-illik-yol-bakida-demiryolunun-tarixi-74779).
Azərbaycanda II Dünya Sənaye inqilabı hadisəsini ehtiva edən “Böyük İnsan, Xeyriyyəçi, Milyonçu” başlıqlı məqalədə də maraqlı məlumatlarla tanış oluruq. Məqalə müəllifi Təranə Zeynallı Zeynalabdin Tağıyevin neft sahəsində böyük gücə sahib olması ilə bərabər “həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi olmasını, Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında, habelə, Ənzəli və Rəşt ərazisində böyük meşələrinin, böyük malikanəsinin, binalarının və nümayəndəliyinin, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayının, İranda karvansaralarının olmasını qeyd edir. “Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk (indiki Mahaç-Qala) daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəkələri dövlətdən icarəyə götürmüşdü. O dövr üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamancını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsəfədə uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə) tamamlamışdılar” (Zeynallı T. Böyük İnsan, Xeyriyyəçi, Milyonçu” http://simsar.az/news/a-38536.html).
1840-1914-cü illərdə Azərbaycanda belə sənaye-iqtisadi uğurları bütün dünyada II Dünya Sənaye İnqilabının əhəmiyyət kəsb edən dəmir yollarının çəkilməsi hadisəsinə min kilometrlərlə uzaqdan cavab verməsi kimi mühüm nailiyyətlər davam etdirmişdir ki, bu təqdirəlayiq hadisə hesab oluna bilər.
Belə ki, II Dünya Sənaye İnqilabının Azərbaycanda mühüm hadisəsi - dəmiryolu çəkilişi 1878-1880-cı illərdə həyata keçirilmiş və bu xətt Bakı-Suraxanı-Sabunçu dəmir yolu olmuşdur. Yeri gəlmişkən bu tədqiqatın müəllifinin ata babası Əmirqulu Quliyev 1920-ci-1930-cu illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin üzvü və 10-cu çağırış (bir neçə dəfə seçilib) Ali Sovetin deputatı olduğu vaxt Bakı-Suraxanı-Sabunçu elektrik qatarının onun doğulduğu Maştağa qəsəbəsindən keçməklə (“Vişnovka” adlanan bağlar ərazisi) Bakı-Sabunçu-Mərdəkan-Buzovna qəsəbələrinə kimi uzadılmasına nail olmuşdur. Tarixi mənbələrdə bu hadisə belə şərh olunmuşdur:
“Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin ellektrikləşdirilməsi Azərbaycanda həyata keçirilmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ikinci ilində, yəni 1922-ci ildə Bakı Şəhər Deputatları Şurası paytaxtda rahat və yüksəksürətli şəhər elektrik nəqliyyatının yaradılması məsələsinin həlli ilə məşğul olmağa başladı. 1923-cü ildə ölkədə, Sovet hakimiyyəti zamanı ilk elektrik tramvayının tikintisi üzrə işlərə başlandı və 8 fevral 1924-cü ildə Bakıda ilk tramvay istifadəyə verildi. Tramvayın istifadəyə verilməsindən sonra Bakı proletariatı, Bakı və respublikanın partiya və sovet təşkilatları Bakı-Sabunçu dəmir yolu xəttinin elektrikləşdirilməsi istiqamətində yenidənqurma işlərinə başladı. Tramvayın istifadəyə verilməsindən cəmisi 21 gün sonra 1924-cü il fevralın 29-da, Bakı Soveti qərara aldı: “Şəhərin rayonları və bağ yerləri ilə əlaqələrnizi təmin etmək üçün Bakı-Sabunçu-Mərdəkan-Buzovna elektrik qatarının (Abşeron şəhərətrafı elektrik sahəsinin) tikintisinə başlamaq zəruri hesab edilsin” (Dəmir Yolunun Elektrik Təchizati Sistemi Yenidənqurma Mərhələsində https://corp.ady.az/media/xeberler/demir-yolunun-elektrik-techizati-sistemi-yenidenqurma-merhelesinde).
Azərbaycanda dəmir yolunun tarixi haqqında “Suraxanıdan Sabunçuya qədər 150 illik yol – Bakıda dəmiryolunun tarixi” - başlıqlı araşdırma yazısında da II Dünya Sənaye İnqilabı dövründə Azərbaycanın ciddi addımları dolğun faktlarla qiymətləndirilmişdir: “Neft və dəmiryolu. 1847-ci ildə Abşeronda ilk neft quyusu qazıldı, indiyədək yerin üstünə özü çıxan neft qazma üsulu ilə çıxarılmağa başladı. XIX əsrin 70-ci illərinin əvvəllərində neftçıxarmanın sənaye üsuluna keçməsi ilə hasilat kəskin artdı. İndi quyulardan minlərdə ton neft çıxarılırdı və onun sürətli daşınması tələb olunurdu.
... O vaxtadək Sabunçu, Suraxanı, Balaxanıdan çıxarılan neft Bakıdakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyaya olduqca primitiv üsulla - ya karvanla ağac çənlərdə, ya da tuluqlarda daşınırdı. Nefti daşımaq üçün minlərlə çəndən istifadə olunurdu. Bu üsul olduqca baha başa gəlməsi ilə yanaşı, artan neft axınını daşıyıb çatdıra bilmirdi. Nəticədə Bakıda və Azərbaycanda dəmir yolunun çəkilməsinin əsl səbəbkarı Bakı nefti və onun sənaye emalı oldu. Qərara alındı ki, neft şəhərə dəmiryolu ilə daşınsın. Mədənlərlə neftayırma zavodları arasında dəmir yolu çəkilməsi üçün Rusiya Nazirlər Komitəsinə dəfələrlə edilən müraciətlərdən sonra məsələ həllini tapdı. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 25,2 verst uzunluğunda olan dəmir yolunun çəkilməsi “Poti-Tiflis” dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Tikintiyə rəhbərlik mühəndis Krubetsə tapşırılır. Tikintiyə lazım olan materiallar və avadanlıqlar tezliklə Bakıya göndərilir” (Suraxanidan Sabunçuya qədər 150 illik yol – Bakıda dəmiryolunun tarixi” araşdırma məqaləsi, https://fed.az/az/biznes-tarixi/suraxanidan-sabuncuya-qeder-150-illik-yol-bakida-demiryolunun-tarixi-74779).
II Dünya Sənaye İnqilabının tərəqqi hadisəsinin Azərbaycanda əks-sədasını Zeynalabdin Tağıyevin həyatından olan digər dəyərli faktlar da təsdiq edir. Məsələn, tarix elmləri doktoru Həsən Həsənov “Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı...” başlıqlı araşdırma yazısında böyük xeyriyyəçi, millət atası” Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda dövrün sənaye inqilabının iqtisadi olduğu qədər sosial-mədəni inkişafını ehtiva edən maarif, nəşriyyat işi ilə bağlı fəaliyyətini və bilavasitə Nobel qardaşları ilə əlaqəsini işıqlandıran faktları önə çəkərək yazır: “Bir gün Nobel gəlir Hacının yanına ki, Suraxanıdakı sahəsini ona satsın. Oturub bir qədər söhbət etdikdən sonra Hacı deyir: - Şərik, mən Suraxanıdakı yeri sənə satmayacam. Oranı sənə bağışlayıram. Ancaq sən də mənim üçün bir iş gör. "Nə iş?" Nobel sevinir. "Mənə qəzet çap eləyən dəzgah lazımdır. Öz adına gətizdirərsən. Guya burda camaata elm, savad öyrədirsən. Narahat olma, pulunu artıqlaması ilə verəcəm. Ancaq qazandığından kasıb-kusuba xərcləməyi öyrən. Belə olanda, sərvətin daha da artır. Quranda belə yazılıb". Havayı yerə bir qəpik də xərcləməyən kapitalist bu təklifdən iki əlli yapışdı.
Hacı "Kubinka" deyilən Quba meydanında kündə Qasımın boş evini alır. Ora "Nina" mətbəəsi adını verir. Beləliklə, inqilabın ideoloji və informasiya bazası qurulur” (HəsənovHəsən.Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı....https:// www. oxumeni. az/news/interest ing67324.html)..
Həsən Həsənovun “Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı...” başlıqlı araşdırma yazısından digər bir misal da Azərbaycanlı xeyriyyəçinin II Dünya Sənaye İnqilabı dövründə öz xalqının maariflənməsi məqsədi ilə gördüyü tarixyüklü işləri təsdiq edir: “Yaşı səksəni ötmüşdü. Demək olar ki, Quranı əzbər bilən Hacı bununla kifayətlənmirdi, musiqiyə böyük qiymət verirdi. Onun "görünməyən" köməyi sayəsində. 1907-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" əsəri səhnəyə yol tapır. "Qızlar məktəbi"ni tikdirir” (HəsənovHəsən.Hacı Zeynalabdin Tağıyev Stalini bir abbasıya aldı.... https:// www. oxumeni.az/news/interesting/67324.html).
Beləliklə, bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da I Dünya Müharibəsinin başlanması ilə II Dünya Sənaye İnqilabı dövrü bitir və III Dünya Sənaye İnqilabı başlayır.
Davamı var
Xatirə QULİYEVA, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.