Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.12.2015 16:41
  • A-
  • A
  • A+

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənildi

Dekabrın 25-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2015-ci ili əhatə edən hesabat iclası keçirildi. Bölmənin akademik-katibi vəzifəsini icra edən, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. İclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutun cari ildəki fəaliyyətinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Öncə AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Namiq Cəlilov ŞAR-ın illik hesabatını təqdim edərək cari ildə 2 problem üzrə 8 mövzuda 25 elmi-tədqiqat işinin aparıldığını qeyd etdi.

AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə bağlı çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirdi ki, rəhbərlik etdiyi qurumda elmi-tədqiqat işləri informasiya-telekommunikasiya sistemlərinin, həmçinin riyazi modelləşdirmə, idarəetmə və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılmışdır. Alim il ərzində 2 monoqrafiya, 4 kitab və 1 dərslik, 331 elmi əsər və 124-ü xaricdə olmaqla, 203 məqalənin çap olunduğunu qeyd etdi. O, həmçinin cari ildə institutun 50 illik yubileyinə həsr olunmuş yüksək səviyyəli tədbirin keçirildiyini nəzərə çatdırdı.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, professor Misir Mərdanov institutda 16 mövzunu əhatə edən 137 elmi-tədqiqat işi aparıldığını qeyd etdi. Bildirdi ki, hesabat ili ərzində institut əməkdaşlarının bütövlükdə 416 elmi əsəri, xaricdə 118 məqaləsi dərc edilmişdir.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov institutun illik hesabatı ilə bağlı çıxış edərək bildirdi ki, 2015-ci ildə 4 problem üzrə 11 mövzuya uyğun 21 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisədə 2015-ci ildə əldə olunmuş elmi nailiyyətləri diqqətə çatdırdı. Alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan araşdırmalardan söz açdı. Bildirdi ki, il ərzində institut əməkdaşları tərəfindən informasiya təhlükəsizliyi, bulud (cloud) texnologiyaları, biometrik texnologiyalar, informasiya cəmiyyəti, Data mining və Big Data texnologiyaları, elektron tibb və elektron elmin formalaşması problemləri, informasiya iqtisadiyyatı və digər prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunmuşdur.

R.Əliquliyev institutda əldə olunmuş mühüm elmi nəticələrlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı: “Sənədlərin avtomatik referatlaşdırılması zamanı mətnlərin məzmun yaxınlığını hesablamaq üçün yeni ölçü daxil edilmiş və sənəddən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşdırma modelləri təklif olunmuşdur. Optimallaşdırma modellərininin həlli üçün alqoritmlər işlənilmişdir”.

İnstitut direktoru, həmçinin İT-mütəxəssislər bazarında tələb və təklif münasibətlərinin mikro və makro səviyyələrdə modelləşdirilməsi və intellektual idarə olunması üçün qeyri-səlis situasiya analizi, obrazların tanınması, qeyri-səlis uyğunsuzluq şkalası əsasında disbalans dərəcəsinin qiymətləndirilməsi metodları və alqoritmlərinin işlənildiyini söylədi. Qeyd etdi ki, linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması və intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif edilmişdir.

İnstitutda cari ildə şəbəkə mühitində bulud servislərin sintezi üçün alqoritm və metodlar işlənmişdir. E-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model işlənmişdir. Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR metodunun effektiv modifikasiyası işlənmişdir. Plagiatlıq halları müəyyənləşdirilmə səviyyələrinə görə ranqlaşdırılmış, mövcud antiplagiat sistemlərinin əsas xarakteristikaları, onların müsbət və mənfi cəhətləri analiz edilmiş, müxtəlif növ mətn plagiatlığını aşkarlamaq üçün sözlərin semantik yaxınlığına və cümlələrin sintaktik quruluşuna əsaslanan metod təklif edilmişdir.

Akademik elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi Dövlət Proqramları, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti və s. barədə məlumat verdi. AzScienceNet elm kompüter şəbəkəsi, www.ikt.az saytı, Multimedia Mərkəzi, o cümlədən ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyətindən söz açdı.

Alim Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, fəlsəfə fənni üzrə qəbul və doktorluq minimum imtahanlarının, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlərə ümumi fənlərin tədrisinin, respublika üzrə doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və test imtahanlarının təşkil edildiyini qeyd etdi.

R.Əliquliyevin sözlərinə görə, AMEA üzrə elektron elmin monitorinqi aparılmış, AMEA-nın Ümumi yığıncağına həsr olunmuş “Elmi nailiyyətlər sərgisi”, “AMEA-70” sərgisi, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş infosərginin təşkili və AMEA üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması istiqamətində işlər görülmüşdür. AMEA-nın “ElmTV” İnternet televiziyasının yaradılması və istismarı, həmçinin “İnteraktiv informasiya sistemi”nin işlənilməsi və istismarının təşkili işləri həyata keçirilmiş, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi aparılmışdır.

Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev 50-dən çox ölkə və 100-dən çox təşkilatla əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi. Qeyd etdi ki, Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT təşkilatı ilə əməkdaşlıq əlaqələri genişləndirilir. Hazırda institut assosiasiyaya daxil olan 45-dən çox təşkilatla elektron elm sahəsində intensiv əməkdaşlıq edir, Avropa Komissiyasının EaPConnect layihəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən regional elm və təhsil şəbəkəsinin yaradılmasında fəal iştirak edir. Akademik bildirdi ki, cari ildə xarici təşkilatlarla birgə müxtəlif elmi problemlərin müzakirəsinə həsr olunmuş tədbirlər, seminarlar keçirilmişdir.

Alimin sözlərinə görə, hesabat ili ərzində institut əməkdaşları beynəlxalq və respublika səviyyəli konfranslarda 89 məruzə ilə iştirak etmiş, müxtəlif elmi jurnallarda 108 məqalə çap etdirmişlər. Bundan əlavə, institutda 7 kitab və 6 ekspres-informasiya nəşr olunmuşdur.

R.Əliquliyev, həmçinin 2015-ci ildə institutda həyata keçirilən elmi-təşkilati fəaliyyət, institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verdi.

AMEA Fizika İnstitutunun illik hesabatını institutun direktor müavini, akademik Cavad Abdinov təqdim etdi. Bildirdi ki, hesabat ilində institut əməkdaşları tərəfindən 3 istiqamətdə 8 mövzu üzrə 40 elmi-tədqiqat işi aparılmışdır. 528 elmi iş, o cümlədən xaricdə 394, yüksək impakt faktorlu jurnallarda 181 məqalə, ölkə mətbuatında 110 məqalə çap olunmuşdur.

Çıxış edən elmi müəssisə rəhbərləri hesabat ili ərzində əldə edilmiş mühüm elmi nəticələr, təşkil olunmuş ümumrespublika və beynəlxalq səviyyəli tədbirlər, AR Dövlət Neft Şirkətinin Elm Fondu və AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələrdən söz açdılar. 2015-ci ildə həyata keçirilmiş elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət, nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri, rəsmi saytların fəaliyyəti, peşəkar kadrların hazırlanması və s. haqqında ətraflı məlumat verdilər.

Müzakirələrdən sonra bölmə institutlarının hesabatları qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: