Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2016 16:45
  • A-
  • A
  • A+

Azərbaycanda həyata keçirilən dil siyasəti haqqında məruzə dinlənilib

Azərbaycanda həyata keçirilən dil siyasəti haqqında məruzə dinlənilib

Mayın 25-də AMEA Rəyasət Heyətinin növbəti iclasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Müstəqillik dövründə Azərbaycanda dil siyasəti və qarşıda duran vəzifələr” mövusunda məruzə ilə çıxış edib.

M.Nağısoylu müstəqillik dövründə ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması sahəsindəki xidmətlərindən danışaraq bildirib ki, ümummili lider dil siyasətinə hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi yanaşıb.

İnstitut direktoru dil siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edərək bildirib ki, ölkə başçısının Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən dəyərli nümunələri latın qrafikası ilə yenidən nəşr olunub.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncamdan söz açan məruzəçi qeyd edib ki, Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını və Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir. Natiq Dövlət Proqramının icrasına dair təqdim olunan Tədbirlər Planında göstərilən bəndlərin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Daha sonra M.Nağısoylu Dilçilik İnstitutunda görülən bir sıra işlərdən danışıb, aparılmış struktur dəyişikliklərinin Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyasına, görkəmli dilçi alimlərimizin beynəlxalq səviyyədə tanınmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə zəmin yaratdığını deyib. M.Nağısoylu institutda Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq şöbələrinin yaradıldığını da bildirib. O, dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində məqsədyönlü işlərin aparıldığını deyib: “İnstitut əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görür. Televiziya və radio kanalları, mətbuat orqanları və sosial şəbəkələrdə Azərbaycan ədəbi dil normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə qüsurların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda bu yaxınlarda qaynar xətt açılıb”.

İnstitut direktoru ötən ilin noyabrında Akademiyanın 70 illik yubileyi ilə bağlı keçirilən Ümumi yığıncaqda Prezident İlham Əliyevin xalqımızın mənəvi sərvəti olan Azərbaycan dilinin saflığının qorunmasının zəruriliyi ilə bağlı çağırışlarına əsasən Dilçilik İnstitutu tərəfindən bir sıra mühüm elmi-tədqiqat işlərinin həyata keçiriləcəyini deyib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb.

Məruzə ilə bağlı AMEA Rəyasət Heyəti qərar qəbul edib. Qərarda AMEA Nəsimi adına Dilçilik İnstitutuna bir sıra tapşırıqlar verilib ki, bunların sırasında beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması, Azərbaycan dilinin dövlət dili kimi informasiya bazasının yaradılması sahəsində tədbirlər planının, Azərbaycan dilinin etimoloji lüğətinin hazırlanması ilə bağlı təkliflər planının, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni izahlı lüğətinin hazırlanması, habelə 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan olunmasını nəzərə alaraq, ölkədə yaşayan digər xalqların, etnik qrupların dillərinin öyrənilməsi, dil əlaqələri, qarşılıqlı dil təsirləri istiqamətində işlərin gücləndirilməsi məsələləri yer alıb.

Bundan əlavə, ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi, türk dillərinin qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi və ortaq əlifba, ortaq qrammatika ilə bağlı birgə layihələrin hazırlanması, Azərbaycan dilinin müxtəlif bölgələr üzrə dialektoloji atlaslarının hazırlanması işinin intensivləşdirilməsi və reallaşdırılması, türk dillərinin ortaq terminologiyasının yaradılması ilə bağlı tədbirlər planının hazırlanmasına qərar verilib.

Həmçinin qərarda dünyanın aparıcı elmi mərkəzləri ilə beynəlxalq əməkdaşlığın qurulması və dilçiliyin aktual problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, Azərbaycan dilinin yeni elmi qrammatikasının hazırlanması və dünya dilçilik elminin müasir inkişaf meyllərini nəzərə alaraq sosiolinqvistika və dilin psixologiyası ilə bağlı prioritet istiqamətlərin müəyyən edilməsi kimi məsələlər də öz əksini tapıb.

Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Qafqazşünaslıq, Elm Tarixi institutlarının strukturu və işçilərinin say tərkibi də təsdiq olunub.

Həmçinin AMEA-nın Təcrübə-Dayaq məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Akademik Murtuza Nağıyev qiraətləri" adlı tədbirlərin təşkili ilə bağlı qərarlar qəbul edilib.

Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi tərcümə şöbəsinin əsasnaməsinin təsdiqi, Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşının AMEA-nın Fəxri Fərmanı ilə mükafatlandırılması, o cümlədən Elmi Mərkəzin veb-portalının yaradılması və bu istiqamətdə digər işlər görülməsi ilə bağlı qərarlar qəbul edilib.

İclasda akademik Adilə Namazovanın 90, AMEA-nın müxbir üzvləri  – Qalib ƏfəndiyevMöhsün Nağısoylunun 70 illik yubileylərinin keçirilməsi, həmçinin Şamaxı Astrofizika Rəsədxanası, Aşqarlar  Kimyası, Polimer Materialları, Dilçilik və Folklor institutlarında Təhsil şöbələrinin, Ədəbiyyat İnstitutunda Asiya xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan Özbəkistan ədəbi əlaqələri şöbələrinin yaradılması, Qeyri-üzvi Kimya, Tarix və Əlyazmalar institutlarının strukturlarında isə qismən dəyişiklik edilməsi qərara alınıb.

Sonda bir sıra kadr məsələləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: