Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Qərb rayonlarında neft axtarışlarını davam etdirir
23.01.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Qərb rayonlarında neft axtarışlarını davam etdirir

AMEA Geologiya İnstitutunun əməkdaşları tərəfindənYevlax və Mingəçevir rayonlarında neft axtarışları aparılır.

Hazırda neft-qaz toplanma zonalarının geodinamik üsulla proqnozlaşdırılması üçün alqoritm və proqramların nəzəri əsasları hazırlanır. İşlər institutun Geodinamika və seysmologiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun qrant dəstəyi ilə həyata keçirilir.

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, tədqiqatlar yeni axtarış üsulu olan kəşfiyyat geodinamikası əsasında aparılır. Burada müasir geodinamik hərəkətlər, geofiziki, radiokimyəvi və istilik sahələri, deformasiya prosesləri, həmçinin flüid dinamikasının fəza-zaman dəyişmələri barədə əldə edilən informasiya neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında istifadə olunur. Bu tədqiqat üsulları ilə hazırda yerin təkində geodinamik proseslərdə anomaliyalar izlənilir. Anomaliyaların aşkarlanması üçün Acınohur dağ silsiləsinə yaxın zonalarda, o cümlədən Şəkidə də tədqiqatlar həyata keçiriləcək. Neft yataqlarının axtarışı məhz anomaliyaların müşahidəsi əsasında mümkün olacaq. İkiillik layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılmışdır.

Qeyd edək ki, bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilmişdir. Həmin vaxt elmi nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılmış, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmamışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: