Martın 6-da AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Tədbirdə institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayeva seminarın qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. Bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və bir milyondan çox insan doğma yurdlarını tərk edərək respublikamızın müxtəlif şəhərlərinə, regionlarına üz tutublar. Bu vətəndaşlarımızın hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülür.
Azərbaycanda qaçqınların hüquqlarının dövlət səviyyəsində qorunması istiqamətində ciddi addımların da atıldığını deyən A.Mustafayeva Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nı xatırladıb. Vurğulayıb ki, sənəd məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, müvafiq istiqamətdə mövcud problemlərin həllinin sürətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Aİ-nin ölkəmizdəki nümayəndəsi Alessandro Budai qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, qaçqın və vətəndaşlığı olmayan şəxslər barədə təmsil etdiyi qurumun təcrübəsinin öyrənilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra tədbirin moderatoru, Almaniyanın Braunşviq İnzibati Məhkəməsinin sədri Volfqanq Barçın “Pulsuz hüquqi yardım almaq hüququ və sığınacaq üçün müraciət etmək hüququ” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin “Azərbaycanda üçüncü ölkə vətəndaşlarının beynəlxalq müdafiəsi sahəsində mövcud vəziyyət: qanunvericilik, təşkilatlar və prosedurlar”, “Cenevrə Konvensiyası standartları və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı vəziyyət” və digər mövzularda məruzələr dinlənilib.
Tədbir martın 7-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.