Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru Fərman Quliyev mərkəzin ötən ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
F.Quliyev cənub bölgəsində fundamental və innovasiya xarakterli elmi tədqiqat işlərinin təşkili, regionun tarixi, mədəniyyəti, adət və ənənələrinin öyrənilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Mərkəz direktoru bölgədə daha məhsuldar sort və formaların toplanması, öyrənilməsi, seleksiya yolu ilə yüksək genetik xüsusiyyətlərə malik yeni sort və formaların yaradılmasının vacibliyini bildirib. Alim qeyd edib ki, ayrı-ayrı həyətyanı və fermer təsərrüfatlarında mövcud olan, son zamanlar klassik və klon seleksiya üsulları ilə yaradılmış sitrus, çay, subtropik meyvə, qərzəkli və texniki bitkilərin genetik-kolleksiya bağının salınmasına, təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsinə böyük ehtiyac var. Məruzəçi bu məqsədlə Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq müqaviləsinin imzalandığını söyləyib.
F.Quliyev Mərkəzin beynəlxalq əlaqələri haqqında da məlumat verib: "Hesabat ilində Çin və İranın müvafiq qurumları ilə çay, sitrus və digər subtropik bitkilər üzrə birgə elmi-tədqiqat işlərinə başlanılıb. Çin ilə çayın genefond mübadiləsi, emalı məqsədilə yeni texnologiyanın öyrənilməsi və digər məsələlər üzrə ümumi razılıq əldə olunub. Bundan başqa, Gürcüstanın Çay və Subtropik Meyvə Elmi-Tədqiqat İnstitutu, Türkiyənin bir neçə elmi tədqiqat institutu ilə əməkdaşlığa dair niyyət protokollarının imzalanması nəzərdə tutulur".
Direktor bildirib ki, 2016-cı ildə mərkəz əməkdaşlarının yerli və xarici aparıcı elmi jurnallarda üç məqalə və bir monoqrafiyası çap olunub.
Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub. Lənkəran Regional Elmi Mərkəzinə Lənkərаn, Аstаrа, Mаsаllı və Lеrik rаyоnlаrının hər birində elmi tədqiqat işlərinin aparılması məqsədilə tоrpаq sаhələrinin ayrılması, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran bölgəsində fəaliyyət göstərən elmi müəssisələrinin torpaq və digər resurslarından istifadə edərək birgə elmi tədqiqat və təsərrüfat işlərinin aparılması, bölgənin spesifik torpaq-iqlim şəraitində yetişdirilən meyvə, subtropik, tərəvəz və digər bitkilərin yüksək keyfiyyət göstəricilərini nəzərə alaraq onlardan emal olunmuş məhsulların dünya standartları səviyyəsində əldə edilməsi, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi məqsədi ilə mərkəzin biokimyəvi laboratoriya və mini çay emalı xətti ilə təmin edilməsi ilə bağlı müvafiq icra orqanları qarşısında vəsatət qaldırılması və digər istiqamətlərdə tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.