AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan yazıçılarının Qərbi Avropa xalqlarının dillərinə tərcümə edilmiş əsərlərinin təqdimatı keçirilib.
MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova tədbiri açaraq kitabxananın fondundakı nəşrlərin sistemləşdirilərək ictimaiyyətə təqdim edildiyini bildirib. “Milli Rəqəmsal Yaddaş” layihəsindən söz açan L.İmanova bu istiqamətdə Azərbaycanın xaricdəki səfirliklərinin də yaxından iştirak etdiklərini deyib. O, layihənin Akademiyanın elmi müəssisələri ilə əməkdaşlıq səviyyəsində həyata keçirilməsi üçün bütün institutlara müraciət edildiyini və müsbət nəticələr aldıqlarını iştirakçıların nəzərinə çatdırıb.
Sonra Fondların mühafizəsi bölməsinin Qərbi Avropa ədəbiyyatı fondunun əməkdaşı Aybəniz İsmayılova qorunan nəşrlər barədə məlumat verib. Bildirib ki, Qərbi Avropa ədəbiyyatı fondu 82 bölmədən ibarətdir və burada 150 milyon jurnal, 9 min nəşri davam edən ədəbiyyat, 62 minə yaxın kitab mühafizə olunur.
Tədbirdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Əliağa Vahid, Çingiz Abdullayev, Kamal Abdullayev, Elçin kimi ədiblərin, həmçinin “Kitabi Dədə Qorqud” eposunun tərcümə edilmiş variantları iştirakçılara təqdim edilib.
İclasda Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova, həmin institutun Dünya ədəbiyyatı şöbəsinin müdiri, professor Gülər Abdullabəyova və digərləri çıxış edərək bədii tərcümənin xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsində önəmli yer tutduğunu, müstəqillik illərində tərcümə işinə xüsusi önəm verildiyini vurğulayıblar.
Sonda fondda qorunan nəşrlərə dair slayd nümayiş olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.