Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

29.03.2018 16:44
  • A-
  • A
  • A+

Naxçıvanın ilk Əməkdar incəsənət xadimi Şamil Qazıyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Naxçıvanın ilk Əməkdar incəsənət xadimi Şamil Qazıyevin 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində görkəmli rəssam, Naxçıvan Muxtar Respublikasının ilk Əməkdar incəsənət xadimi Şamil Qazıyevin anadan olmasının 110 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbir Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrasnda bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 1 fevral 2018-ci il tarixli Sərəncama əsasən muxtar respublikada Ş.Qazıyevə həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən vətənpərvər rəssamın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, görkəmli rəssam Şamil Qazıyev Naxçıvanda ilk dəfə açılmış Rəssamlıq Məktəbinin təşkilatçısı və direktoru olub. 1948-ci ildə Bakı şəhərinə köçən sənətkar ömrünün sonunadək “Azərbaycan gəncləri” qəzetində rəssam vəzifəsində çalışıb. Ş.Qazıyev Naxçıvanın füsunkar təbiətinin gözəlliklərini, etnoqrafiyasını və bu diyarda çalışan zəhmətkeş insanların simalarını kətan üzərinə köçürərək əbədiləşdirib.

“Görkəmli rəssamın təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığı çoxlu sayda boyakarlıq və qrafika əsərləri vardır” – deyən İ.Hacıyev bildirib ki, onun Naxçıvan Dövlət Tarix Muzeyinin fondunda qorunub saxlanan  “Naxçıvançay”, “Qızlar bulağı”, “Naxçıvan gün batan vaxtı”, “Köhnə qala”, “İnqilaba qədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyət”, “Qədim İmamzadə", “Əlincə qalası” və digər əsərləri XX əsr Azərbaycan boyakarlıq sənətinin qiymətli inciləri hesab olunur. Bu əsərlər Azərbaycanın tarixi-etnoqrafiyasını əks etdirir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən rəssamın “Xırmanda”, “Qalayçılar”, “Qaçqınlar”, “Örtülü bazar”, “Çörəkbişirənlər”, “Köhnə Naxçıvan”, “Qədim İmamzadə”, “Köhnə qala” kimi müxtəlif rəsm əsərləri tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizin öyrənilməsində mühüm mənbədir. Onun əsərlərində Naxçıvanın tarixi keçmişi dolğun şəkildə əks olunub.

R.Məmmədov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun himayəsi və qayğısı ilə 2010-cu ildə rəssamın müxtəlif janrlarda işlədiyi 56 rəsm əsəri daxil edilən albom-kataloqu hazırlanaraq nəşr edilməsi, onun əsərlərindən ibarət sərginin nümayişi, rəssamın yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, Naxçıvan mövzusunda yaratdığı əsərlərə həsr olunan ustad dərslərinin keçirilməsi Şamil Qazıyev irsinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Görkəmli rəssam Şamil Qazıyevin həyat və yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva “Şamil Qazıyev yaradıcılığına dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mahir Xəlilov “Şamil Qazıyevin əsərlərində milli motivlər”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Nizami Aliyev “Şamil Qazıyev yaradıcılığında məişət janrı” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda görkəmli rəssamın qızı Natella Qazıyeva çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə Ali Məclis Sədri Vasif Talıbova, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: