İyulun 3-də AMEA-nın Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin tərcümə etdiyi və nəşrə hazırladığı "Əlimərdan Bəy Topçubaşov. Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" və "Əlimərdan Bəy Topçubaşov. Qafqaz Azərbaycanı nümayəndə heyətinin Sülh Konfransından tələbləri" kitablarının təqdimatı keçirilib.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunub.
Təqdimat mərasimini AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında 16 may 2017-ci il tarixli və cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamları barədə məlumat verib. O, sözügedən sərəncamların icrası ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında silsilə tədbirlərin keçirildiyini və il ərzində davam edəcəyini bildirib. Alim son illərdə Avropa və Şərq ölkələrindən AXC ilə bağlı mühüm sənədlərin ölkəmizə gətirilərək çap olunduğunu diqqətə çatdırıb.
İctimaiyyətə təqdim olunan kitablar barədə danışan akademik İ.Həbibbəyli bildirib ki, nəşrlərin müəllifi V.Quliyev hələ SSRİ dövründən AXC-nin qurucuları ilə bağlı önəmli tədqiqatlar aparıb və dövri mətbuatda çap etdirib.
AMEA-nın vitse-prezidenti ölkəmizin müstəqilliyinin Paris Sülh Konfransında de-fakto tanınmasında AXC-nin nümayəndə heyətinin rəhbəri, görkəmli ictimai-siyasi xadim Əlimərdan Bəy Topçubaşovun diplomatik bacarığının mühüm rol oynadığını və sözügedən əsərlərdə bunun əksini tapdığını qeyd edib.
Daha sonra çıxış edən professor V.Quliyev kitabların ərsəyə gəlmə prosesi barədə məlumat verib. O, rus dilindən tərcümə olunan "Əlimərdan Bəy Topçubaşov. Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" kitabında Ə.Topçubaşovun 1919-1920-ci illərdə Azərbaycan hökumətinə göndərdiyi məlumatların, eləcə də məqalələrin, yazışmaların yer aldığını söyləyib.
"Əlimərdan Bəy Topçubaşov. Qafqaz Azərbaycanı nümayəndə heyətinin Sülh Konfransından tələbləri" kitabı barədə danışan V.Quliyev bildirib ki, ingilis dilindən tərcümə olunan bu nəşrdə həmin dövrdə Azərbaycanın sərhədləri, tarixi, iqtisadiyyatı, coğrafiyası, 31 mart soyqırımı və digər məlumatlar əks olunub.
Alim AXC dövrü ilə bağlı tədqiqatlarını bundan sonra da davam etdirəcəyini söyləyib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Ədəbiyyat İnstitutunun şöbə müdirləri, professorlar - Asif Rüstəmli və Gülər Abdullabəyova çıxış edərək V.Quliyevin AXC dövrü ilə bağlı mütəmadi araşdırmalar apardığını, onun tədqiqatlarında elmi faktların üstünlük təşkil etdiyini və onun diplomatik fəaliyyəti zamanı xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, ədəbiyyatını layiqincə təbliğ etdiyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.