Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.11.2018 13:12
  • A-
  • A
  • A+

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Noyabrın 13-də Mərkəzi Elmi Kitabxanada tanınmış elm xadimi, AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

Tədbir AMEA Rəyasət Heyəti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Mahmud Kərimovun mənalı ömür yolundan, zəngin elmi yaradıcılığından danışıb. O, görkəmli alimin çoxşaxəli elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, M.Kərimovun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib.

Akademik A.Əlizadə qeyd edib ki, böyük alim AMEA-ya rəhbərliyi dövründə Azərbaycan dövlətinin elm siyasətinə böyük töhfələr verib və elmimiz yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu görkəmli elm təşkilatçısı Azərbaycan elminin dünya elm strukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrdə əlaqələrin xeyli genişlənməsinə xidmət edib.

Böyük alim Mahmud Kərimovun nəcib xüsusiyyətlərindən danışan akademik A.Əlizadə onun mənəvi keyfiyyətlərinin elm adamlarının qəlbində daim yaşayacağını bildirib.

Sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov akademik M.Kərimovun həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Bildirilib ki, görkəmli alimin elmi fəaliyyəti elektron paramaqnit rezonans, elektrik sahəsi, polimer, foto, radiasiya prosesləri sahələrini, ötən əsrin 90-cı illərində isə oksid birləşmələr və onların əsasında heterogen sistemlər, yarımkeçiricilər, neft, poliaromatik birləşmələr sahələrini də əhatə edib. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilib və 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri alıb.

N.Məmmədov qeyd edib ki, Mahmud Kərimov 1973-cü ildən akademiyanın Fizika İnstitutunda mühəndis kimi fəaliyyətə başlayıb. 1974-1984-cü illərdə radiasiya tədqiqatları sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 2001-ci ildə həmin sektorun direktoru olub. 2001-ci ildə AMEA-nın prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb. Alim AMEA-ya rəhbərliyi dövründə dövlətin elm siyasətinin regionlarda da uğurla tətbiqinə çalışıb. Mahmud Kərimov ictimai fəallığı ilə də seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirib.

Diqqətə çatdırılıb ki, mərhum akademikin zəngin elmi və elmi-təşkilatı fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüb.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov ömrünün 40 ilini Azərbaycan elminin inkişafına həsr etmiş Mahmud Kərimovun zəngin elmi irsinin hər zaman gələcək nəsillər üçün mənbə olacağını söyləyib.

M.Kərimovun Radiasiya Problemləri İnstitutunun direktoru kimi fəaliyyətindən danışan O.Səmədov diqqətə çatdırıb ki, alimin dəstəyi ilə bu elmi müəssisədə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 6 milli və çoxlu regional layihələr reallaşdırılıb. Həmin layihələr nəticəsində institutda Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan bölümü yaradılıb, ölkəmizdə nüvə və radioaktiv materialların monitorinq laboratoriyası təşkil edilib, Tədqiqat Nüvə Reaktorunun elmi-iqtisadi əsaslandırılması həyata keçirilib, radiasiyalı texnologiyaların imkanları genişləndirilib.

Beynəlxalq konfransda akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Telman Əliyev, Arif Həşimov, Adil Qəribov və başqaları çıxış edərək görkəmli alimin yüksək insani keyfiyyətlərindən, Azərbaycan fizika elminin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, tanınmış alim, bacarıqlı elm təşkilatçısı, akademik Mahmud Kərimovun əziz xatirəsi heç zaman unudulmayacaqdır.

Tədbir çərçivəsində akademik M.Kərimovun elmi nailiyyətlərini, AMEA-nın prezidenti kimi keçirdiyi görüşləri, yerli və xarici elmi konfranslardakı çıxışlarını əks etdirən videomateriallar nümayiş etdirilib.

Noyabrın 14-də başa çatacaq konfrans işini bölmə iclasları üzrə davam etdirib.

Bölmə iclaslarında radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələr aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: