www.science.az
03.03.2020 17:52

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının ilk iclası keçirilib

Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının ilk iclası keçirilib.

İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər.

Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb. Akademik R.Əliquliyev AMEA Rəyasət Heyətinin “Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2019-cu il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” qərarından irəli gələn vəzifələri diqqətə çatdırıb. O, bölmənin elmi müəssisələrinin 2020-ci il üçün Fəaliyyət planının hazırlanıb 1 ay müddətində AMEA Rəyasət Heyətinə təqdim olunmasının vacibliyini qeyd edib.

FRTEB-in sədri sözügedən qərardan irəli gələn bir sıra mühüm elmi və elmi-təşkilati məsələlərdən də söz açıb. Alimin sözlərinə görə, bölmə müəssisələrində əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirilməsi, intellektual məhsulların kommersiyalaşdırılması, digər qurumlarla münasibətlərin müəllif hüquqları, intellektual mülkiyyət hüquqları və digər normativ-hüquqi sənədlərin tələbləri çərçivəsində təşkil edilməsi, beynəlxalq və respublika səviyyəli qrantlarla fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, meqalayihələrdə iştirakın təmin edilməsi cari ildə qarşıda duran prioritetlərdəndir.

İclasda, həmçinin AMEA-nın 75 illik yubileyi ilə bağlı təkliflər müzakirə olunub, akademik Fəraməz Maqsudovun 90, akademik Adil Qəribovun 70 illik yubileylərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Daha sonra Elmi şura akademik Telman Əliyevin, texnika elmləri doktorları Abbas Rzayev və Sakit Rəsulovun həmmüəllifi olduqları “Zəlzələlərin yaranma mexanizmi, monitorinqi və proqnozu” kitabı, həmçinin texnika üzrə fəlsəfə doktoru Nərmin Rzayevanın “Ürək-damar sistemində baş verən dəyişikliklərin robast monitorinq sistemi”, texnika üzrə fəlsəfə doktoru Elşən Mustafayevin “Çap əlyazma mətnlərin tanıma üsulları”, texnika üzrə fəlsəfə doktoru İcabikə Sərdarovanın “Qazlift neftçıxarmasında eksperimental tədqiqatların idarə edilməsi” və texnika üzrə fəlsəfə doktoru Oqtay Mirzəyevin “Dozator-konveyerlərdə rəqəmsal idarəetmə” monoqrafiyalarının nəşrə tövsiyə olunmasını qərara alıb.

Elmi şuranın digər qərarına əsasən, AMEA və Fransanın Monpelye Universiteti arasında ikili doktorantura proqamı üzrə imzalanmış saziş çərçivəsində 2019-cu ildə elan edilən müsabiqənin qalibi, Fizika İnstitutunun kiçik elmi işçisi Səid Paşayev Monpelye Universitetinə ezam olunub.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. 

Sonda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının FRTEB-in elmi müəssisələrində mövcud olan Elmi şuralarının yenidən formalaşdırılması və tərkibinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.