Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

03.10.2019 11:59
  • A-
  • A
  • A+

Gəncə Bölməsində kimyaçı alimin 65 illik yubileyi qeyd olunub

Gəncə Bölməsində kimyaçı alimin 65 illik yubileyi qeyd olunub

AMEA-nın Gəncə Bölməsində tədqiqatçı alim, bu qurumun laboratoriya müdiri, kimya  üzrə fəlsəfə doktoru Mahirə Şərifovanın 65 illiyi münasibətilə yubiley tədbiri  keçirilib.

Tədbirdə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək kimyaçı alimin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirib ki, M.Şərifova bölmənin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun Tullantıların tədqiqi və araşdırılması laboratoriyasına rəhbərlik edir. O, həyatımız üçün vacib olan ekoloji problemlərin həllinə yönələn Qərb regionunun sənaye tullantılarının pasportlaşdırılması, tədqiqi və onların yenidən istifadə olunması sahəsində fəaliyyət göstərir. Alim 100-dən artıq elmi məqalə, 2 patent, 2 müəlliflik şəhadətnaməsi və 4 metodiki vəsaitin müəllifidir. Onun uzun illər apardığı elmi araşdırmalarının nəticələri dünyanın nüfuzlu elmi jurnallarında dərc olunub.

Akademik F.Əliyev qeyd edib ki, M.Şərifova həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Reyestrinə daxil olan “Xəbərlər” məcmuəsinin baş redaktorunun müavinidir. O, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2 qrant layihəsinin qalibi olub.

Yubiley  tədbirində bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Xəlil Yusifli, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, həmin institutun elmi katibi  Mətanət Əliyeva, Bioresurslar İnstitutunun Boyaq texnologiyası laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov, Həmkarlar komitəsinin sədri Nailə Hacıyeva və digərləri çıxış edərək alimin kimya sahəsinə verdiyi töhfələrdən danışıb, onunla bağlı xoş xatirələrini bölüşüblər. Bildirilib ki, M.Şərifova yüksəkixtisaslı kadrların hazırlanmasında da əvəzsiz rol oynayıb. O, öz bilik və bacarığını, zəngin təcrübəsini  gənc  tədqiqatçılara ötürərək onların  yaxın  məsləhətçisi və himayədarına  çevrilib.

Sonda M.Şərifova çıxış edərək ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: