Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademiyanın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”
03.06.2022 17:59
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Akademiyanın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.

Alim “TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Qeyd edib ki, bu mötəbər tədbir elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması ilə yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, məhz 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin bir araya gəlməsi bütün dünyaya siyasi mesaj verdi, iki qardaş ölkə arasındakı dostluq və strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığını nümayiş etdirdi.

Misir Mərdanov iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını, bütün sahələrdə Türkiyənin göstərdiyi dəstəyin, qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş direktor rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “TEKNOFEST Azərbaycan” festivalında əsaslı tədqiqatların nəticəsi olan mühüm layihə ilə təmsil olunduğunu diqqətə çatdırıb. O, sözügedən layihənin ölkənin elm və təhsil müəssisələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

“Azərbaycan Milli Elmlər Akademiyasının intellektual və innovasiya potensialının daha yaxşı təqdim olunması, müvafiq istiqamətdə mövcud problemlərin üzə çıxarılması və həyata keçirilən işlərin qiymətləndirilməsi üçün AMEA-nın Rəyasət Heyətində xüsusi, fasiləsiz işləyən, səriştəli və qabiliyyətli əməkdaşlardan ibarət bir qurum yaradılmalıdır. Bu qurum Akademiyanın elmi-tədqiqat institutlarında həyata keçirilən işlərlə, alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrlə yaxından tanış olmalı və Rəyasət Heyətinin iclaslarında müvafiq məlumatları diqqətə çatdırmalıdır”, – deyə alim bildirib. Baş direktor AMEA-nın potensialının geniş ictimaiyyətə yüksək səviyyədə təqdim olunması istiqamətində zəruri addımların atılmasının Akademiyaya etimad göstərilməsində mühüm rol oynayacağını nəzərə çatdırıb.

AMEA-nın müxbir üzvü Misir Mərdanov 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin yerinə yetirilməsinin önəmini qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: