Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Yer Elmləri Bölməsinin Elmi Şurasının iclasında Xəzərin dayazlaşması problemi müzakirə edilib
23.11.2022 11:45
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin Elmi Şurasının iclasında Xəzərin dayazlaşması problemi müzakirə edilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Yer Elmləri Bölməsinin Elmi Şurasının növbəti geniş iclası keçirilib.

İclasda Xəzərin dayazlaşması, bu prosesin səbəbləri və yaratdığı müxtəlif aspektli problemlər müzakirə olunub.

İclası açan akademik İbrahim Quliyev Xəzərin səviyyə dəyişmələri ilə bağlı proseslərin Xəzərətrafı ölkələrin siyasi və iqtisadi perspektivlərinə birbaşa təsir etdiyini, Xəzər Konvensiyasının, sonrakı dövlət müqavilələrinin bu istiqamətdə çoxtərəfli elmi əməkdaşlıq üçün imkanlar açdığını qeyd edib.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev “Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr”, akademik Fəxrəddin Qədirov “Xəzər dənizi və ətraf ərazilərin geodinamik şəraitinin monitorinqi”, AMEA müxbir üzvü Qurban Yetirmişli “Xəzərin səviyyə tərəddüdlərində seysmik proseslərin rolu” mövzularnda elmi məlumat veriblər. Elmi məlumatlar ətrafında müzakirələrdə Şuranın üzvləri akademik Əkpər Feyzullayev və AMEA-nın müxbir üzvü Rauf Qardaşov, professor Pərviz Məmmədov, professor Qalib Əfəndiyev, Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, habelə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov və digər alimlər iştirak ediblər.

Tədbir iştirakçıları Xəzər dənizinin səviyyə dəyişkənliyinə təsir edən qlobal iqlim dəyişmələri və antropogen təsirlərlə yanaşı, daha bir mühüm amilin Xəzərdə seysmik və tektonik proseslərin öyrənilməsinə yönəlmiş fənlərarası müasir elmi tədqiqatların aparılmasının, səviyyə dəyişkənliyi ilə bağlı zərərin azaldılmasına yönəldilmiş adoptasiya tədbirlərinin işlənməsinin, bu istiqamətdə elmi kadrların hazırlanmasının, elmi işlərdə yeni müasir tədqiqat metodlarından, o cümlədən peyk şəkillərindən, kosmik zondlama üsullarından, InSAR texnologiyalarından və seysmoloji şəbəkə məlumatlarından geniş istifadə olunmasının zəruriliyini vurğulayıblar.

Elmi şurada müzakirə olunan məsələ ilə bağlı təklif və tövsiyələrin hazırlanıb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: