Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkında ekoloji tələblərə cavab verən qurutma avadanlığı istehsal edilir
11.01.2021 10:10
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında ekoloji tələblərə cavab verən qurutma avadanlığı istehsal edilir

Respublikamızda meyvə-tərəvəz ixracı, o cümlədən bu sahədə müasir emal sahələrinin yaradılması dövlətimizin iqtisadi strategiyasının prioritet istiqamətlərindəndir. AMEA-nın Yüksək Texnologiyalar Parkı tərəfindən bir çox sahələrlə yanaşı, qida sənayesi avadanlıqlarının istehsalına da dəstək verilir.

Belə ki, Texnoparkın inkubator rezidenti sahibkar Fəxrəddin Quluzadə tərəfindən bölgələrimizdə yetişdirilən meyvə və tərəvəzin qurutma üçün daha uyğun növlərinin müəyyən edilərək beynəlxalq bazar tələblərinə cavab verən məhsula çevrilməsi məqsədilə meyvəqurutma avadanlıqları istehsal edilir. Bu avadanlıqlar xammal tutumundan asılı olaraq beş modeldə hazırlanır və isti hava dövriyyəsi yaratmaqla meyvələrin qurudulmasına imkan verir. Müasir elektronika vasitələrinin tətbiqi nəticəsində qurutma prosesinin istənilən mərhələsində məhsula nəzarət etmək və nümunələr götürmək mümkündür.

Qurutma avadanlığından istifadə etməklə yay mövsümündə bol və ucuz olan istənilən meyvə, tərəvəz, giləmeyvə və göyərtini qurudub daha uzun müddət saxlamaq və istehlak etmək mümkündür. Meyvənin çeşidindən və bioloji parametrlərindən asılı olaraq qurutma 5-30 saat arası davam edir.

İqtisadi baxımdan olduqca sərfəli olan, beynəlxalq standartlara və ekoloji təmiz məhsul tələblərinə cavab verən bu avadanlıqlara ölkəmizlə yanaşı, digər dövlətlərdə də tələbat yüksəkdir. Sifarişdən asılı olaraq 150 kq-dan 5 tona qədər tutuma malik qurutma sobası hazırlamaq mümkündür. Qeyd edilən sobalar xarici ölkələrdən alınmış analoji avadanlıqlardan iki dəfə ucuzdur və onlara 2 illik zəmanət verilir.

Son iki ildə Texnoparkın inkubator rezidenti tərəfindən istehsal edilmiş avadanlıqlar Zaqatala, Balakən, Qusar, Quba, Xaçmaz rayonlarında müvəffəqiyyətlə istismar edilməkdədir.

Hazırda bu avadanlıqlarda emal edilmiş alma, gavalı, xurma, üzüm, feyxoa, kivi, portağal, alça, albalı, pomidor, nar və s. meyvələrin quruları nəfis tərtibatda ticarət mərkəzlərində satışa çıxarılıb.

Qeyd edək ki, emal texnologiyasına riayət etməklə bu sobalarda tütün, çay, dəri və s. məhsulları da qurutmaq mümkündür.

Avadanlıqlar fərdi sahibkar Fəxrəddin Quluzadənin müəllif layihəsi olaraq Azərbaycan Respublikası Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestr şöbəsi tərəfindən 22 yanvar 2018-ci il tarixində qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: