Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Parkın rezidenti tərəfindən istehsal edilən antifrizlər yüksək keyfiyyəti ilə seçilir
11.01.2021 16:29
  • A-
  • A
  • A+

YT Parkın rezidenti tərəfindən istehsal edilən antifrizlər yüksək keyfiyyəti ilə seçilir

Antifrizlər suyun donma zamanı genişlənməsi səbəbindən yaranan, ehtiyat hissələrinin zədələnməsinin qarşısını almaq məqsədilə nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulan soyuducu mayelərdir. Antifrizlər mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini soyutmaq üçün istifadə olunur.

Müasir texniki vasitələrdə yalnız qış aylarında deyil, həm də isti havalarda antifrizlərdən istifadə olunur. Antifrizlər yağlayıcı xüsusiyyətlərə malikdir, istilik saxlama qabiliyyəti suya nisbətən daha yaxşıdır, başqa sözlə, yayda nəqliyyat vasitəsinin mühərrikini daha tez soyuda bilir.

Etilenqlikol və distillə suyun konsentrasiyasından yaranan antifrizlər donarkən hər iki komponentin faiz nisbətindən asılı olaraq genişlənmə əmsalı 1-3 faiz arasında dəyişir. Bu isə donma zamanı həcmi 9-10 faiz genişlənən adi sudan 6-8 dəfə azdır. Buna görə də nəqliyyat vasitəsində antifriz istifadə olunduqda dağılma və ya partlama müşahidə olunmur.

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi “Qobustan” antifrizləri qeyd olunan bütün xüsusiyyətlərə malikdir və ən müasir tələblərə cavab verir. Xarici analoqlarından yüksək keyfiyyəti ilə fərqlənən bu antifrizlər istiliyi yaxşı keçirir, aşağı temperaturlarda az özlülüyə malikdir, metal hissələrdə korroziya törətmir, şlanq və rezini sıradan çıxarmır, eləcə də köpüklənmə əleyhinə aşqarlardan istifadə olunur. Həmçinin istehsal zamanı bütün aşqar reagentlərlə təmin olunur və -38-40 dərəcə C temperatura dayanıqlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: