Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.09.2019 17:40
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında multidissiplinar problemlər müzakirə olunub

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro iclasında multidissiplinar problemlər müzakirə olunub

Sentyabrın 24-də AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, bölmənin büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, eləcə də bir sıra alim və mütəxəssislər iştirak ediblər.

İclası Fizika İnstitutunun direktor müavini, akademik Cavad Abdinov giriş sözü ilə açaraq gündəlikdə olan məsələləri diqqətə çatdırıb.

Sonra Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov “Azərbaycan Respublikasının müdafiəsinin təşkilində radioelektron mübarizənin praktiki dəyəri, onun tətbiqi və inkişaf konsepsiyası” adlı məruzəsini təqdim edib. Alim müasir lokal və qlobal konflikt­lərin həllində radioelektron mübarizə (REM) vasitələrinin mühüm faktor­a çevrilməsini danılmaz fakt kimi qiymətləndirib. Bildirib ki, radiorabitə və radioidarə sistemlərinə kənar müdaxilənin qarşısının alınması, radiorabitə və radioidarə sistemlərinin boğulmasının qarşısının alınması, hücum vasitələrinin təminatı və müdafiəsi, düşmənin radiorabitə və radioidarə sistemlərinə müdaxiləsi və s. müasir REM vasitələrinin həll etdikləri məsələlərdəndir.

Alimin sözlərinə görə, operativ məlumatların ötürülməsində əsasən radiorabitədən istifadə olunur. Hərbi obyektlərin vəziyyət parametrləri əksər hallarda radioidarə sistemləri vasitəsilə təmin edilir. Əgər kənar müdaxilə mümkün olarsa hərbi obyektin işçi xarakteristikaları və parametrləri ilkin iş alqoritmi ilə müəyyən olunmuş qiymətlərə nisbətən tam və ya müəyyən qədər dəyişdirilə bilər.

A.Həsənov radiorabitə və radioidarə sistemlərinin boğulmasının müxtəlif üsullarla formalaşdırılan fərqli xarakteristikalara malik (çəpərləyici, hədəfləyici) maneə­lər vasitəsi ilə həyata keçirildiyini qeyd edib. Bildirib ki, radiorabitə və radioidarə sistemlərinin dayanıqlı işi yalnız xüsusi radioəkstəsir vasitələrinin, o cümlədən xüsusi məqsədli kriptoqrafiya alqoritmlərinin tətbiqi ilə təmin oluna bilər. Bu problem REM məsələlərinin əsas tərkib hissəsidir.

FRTEB bürosunun qərarına əsasən, Azərbaycan Respublikasında REM vasitələri sahəsi prioritet elmi istiqamət kimi qəbul edilib. Akademiyanın tərkibində Radioelektronika İnstitutunun yaradılması barədə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması təklif edilib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb. Akademiklər Cavad Abdinov, Telman Əliyev, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Namiq Cəlilov və digərləri çıxış edərək Azərbaycan Respublikasının müdafiəsinin təşkilində radioelektron mübarizənin önəmini qeyd edib, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıblar. 

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məruzə ilə əlaqədar çıxış edərək müasir dövrdə radiolektron mübarizənin böyük əhəmiyyətə malik olduğunu söyləyib. O, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin artırılması istiqamətində efir sahəsində problemlərin olduğunu deyərək, bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin öz strateji maraqları vardır ki, onların həyata keçirilməsi üçün  müəyyən təcili və təxirəsalınmaz addımlar atılmalıdır.

Alim radioelektron mübarizə sahəsində müəyyən təcrübəyə və müasir informasiya texnologiyaları biliklərinə malik peşəkar mütəxəssislərin iştirakı ilə seminarın keçirilməsinə ehtiyac olduğunu qeyd edib: “Bu məsələ bir neçə aidiyyatı olan qurumların nümayəndələri ilə müzakirə olunmalı, obyektiv və konkret təkliflər irəli sürülməlidir”.

Akademik R.Əliquliyev ölkənin müdafiəsinin təşkilində əvəzedilməz rola malik radioelektron mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, elmi tədqiqatların genişləndirilmısi, eləcə də yeni ixtisasın yaradılmasının zəruri olduğunu bildirib. O, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən elmi müəssisələr qarşısında kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı konkret vəzifələrin qoyulduğunu, bu prosesdə rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun da yaxından iştirak etdiyini deyib.

Efir məkanının təhlükəsizliyinin təmin olunması məsələsinə toxunan alim ölkədə bu sahənin getdikcə daha böyük təsiredici qüvvəyə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu sferada fundamental problemlər vardır ki, onların həlli birbaşa cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır: "Bu səbəbdən AMEA Rəyasət Heyətinin iclasında akademik Akif Əlizadənin iştirakı ilə tədbir keçirərək qeyd olunan problemlə bağlı təklifləri geniş şəkildə müzakirə etməliyik".

AMEA-nın vitse-prezidenti, həmçinin efir təhlükəsizliyi probleminin prioritet elmi istiqamət kimi müəyyənləşdirilərək ölkə rəhbərliyi səviyyəsində qaldırılmasının məqsədəuyğun olduğunu bildirib.  

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Akademik Telman Əliyev çıxış edərək “AMEA Xəbərləri” jurnalının Fizika-texnika və riyaziyyat seriyasının “İnformatika və idarəetmə problemləri” buraxılışının “Informatics and Control Problems” adı ilə ingilis dilində nəşri, eləcə də “AMEA Xəbərləri” jurnalının Fizika-texnika və riyaziyyat seriyasının “İnformatika və idarəetmə problemləri” buraxılışının Redaksiya heyətinin və Beynəlxalq redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında məlumat verib.

Tədbirdə, həmçinin Fizika İnstitutu və Riyaziyyat və Mexanika İnstitutunun Elmi şuralarının tərkibində qismən dəyişiklik edilməsi, AMEA Lektoriyasına təqdim olunan mövzular və FRTEB-in elmi-müəssislərinin maddi-texniki bazasının gücləndirilməsinə dair təkliflər müzakirə olunub.

İclasda müzakirəyə çıxarılan əsas məsələlərdən biri də Kimya Elmləri Bölməsi ilə birgə elmi sessiyanın təşkili olub. “AMEA-nın elmi bölmələrinin elmi sessiyaları haqqında” AMEA Rəyasət Heyətinin 17 iyul 2019-cu il tarixli qərarına əsasən, cari ilin oktyabr ayında Kimya Elmləri Bölməsi ilə birgə “Riyazi kimya: vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi sessiyanın keçirilməsi qərara alınıb.

Bundan başqa, iclasda 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul planına müvafiq təklif olunan dissertasiya mövzularına dair müzakirələr aparılıb. Bölmənin qərarı ilə dissertasiya mövzuları təsdiq edilib və AMEA Rəyasət Heyətinin Elm və Təhsil Baş İdarəsinə təqdim olunub.

Daha sonra akademik Arif Həşimovun 70, akademik Fikrət Əliyevin 70, akademik Ənvər Nəhmədovun 60, Radiasiya Problemləri İnstitutunun (RPİ) laboratoriya rəhbəri, professor Rəhim Mədətovun 70, RPİ-nin laboratoriya rəhbəri, k.e.d. Şiraz Məmmədovun 75 və həmin institutun şöbə müdiri Əsgər Əbiyevin 85 illik yubileylərinin qeyd olunması qərara alınıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: