AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun tabeliyindəki Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ölkələrimiz arasındakı tarixi köklərə malik əlaqələrin son illərdə Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək mərhələsini yaşadığını bildirib. Qeyd edib ki, bu əlaqələr ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət istiqamətində də əməkdaşlığın genişləndirilməsinə geniş meydan açır.
Bu günlərdə Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli təməlləri 1926-cı ilin fevral-mart aylarında Birinci Türkoloji Qurultayda atılan ortaq türk əlifbasının yaradılması məsələsinin artıq 100 il sonra günün tələbinə çevrildiyini bildirib. Diqqətə çatdırıb ki, bu gün Türk dünyası Türk Dövlətləri Təşkilatı adı altında birləşib və bir çox sahələrdə geniş əməkdaşlıq edilməklə tarixi birlik formalaşıb. AMEA rəhbəri bu birliyin möhkəmləndirilməsi məqsədilə artıq ortaq türk əlifbasının yaradılmasının zərurətə çevrildiyini deyib və bu istiqamətdə atılan addımların sürətləndirilməsinin önəmini vurğulayıb.
Akademik İsa Həbibbəyli, həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıq məsələsi ilə bağlı bir sıra vacib məqamları diqqətə çatdırıb, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Professor Osman Mert isə öz növbəsində AMEA-da növbəti dəfə olmaqdan məmnunluğunu dilə gətirib, bu gün Milli Elmlər Akademiyası ilə rəhbərlik etdiyi qurum arasındakı əlaqələri yüksək qiymətləndirib. O, Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclasında ortaq türk əlifbasına keçidlə bağlı mühüm qərarların qəbul edildiyini və xüsusilə AMEA-da bu istiqamətində önəmli addımların atıldığını söyləyib. Xalid Səid Xocayevin XX əsrin 35-37-ci illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunmasını yüksək qiymətləndirən professor bu tarixi hadisə ilə bağlı Türkiyənin elmi qurumlarında məlumatlandırma seminarlarının keçirildiyini bildirib.
Professor Osman Mert daha sonra Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı təkliflərini səsləndirib.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.