www.science.az
14.12.2016 15:49

AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elan

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilər elan edir.

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.

AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 115, Akademiya şəhərciyi, AMEA-nın Əsas binası

Tel: (+994 12) 539 30 60, 537 23 97

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.