AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Danimarka və Rusiyadan olan alimlərlə görüş keçirilib.
Tədbirdə Orxus Universitetinin (Danimarka) Yer Elmləri İnstitutunun direktor müavini, Kosmogen üsulu ilə mütləq yaşı müəyyən edən laboratoriyasının müdiri Mads Knudsen, Rusiya Elmlər Akademiyasının (REA) Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun (Novosibirsk şəhəri) aparıcı elmi işçisi, t.e.d., professor Anton Anoykin, REA-nın Coğrafiya İnstitutunun (Moskva şəhəri) aparıcı elmi işçisi, g.ü.f.d. Rejep Qurbanov və Danimarka Orxus Universitetinin aspirantı Mariya Lukyanıçeva iştirak ediblər.
Qonaqları salamlayan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov bildirib ki, bir həftədən artıqdır Azərbaycan arxeoloqları və paleontoloqları xarici iştirakçılarla birlikdə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi və Rusiyanın Elmi Fondu tərəfindən maliyyələşdirilən “Xəzər regionunun ən qədim tarixi: dəyişən təbii mühit şəraitində arxeoloji mədəniyyətlərin xronologiyası və inkişafı” layihəsi çərçivəsində paleolit abidələrində elmi tədqiqatlar aparırlar. Layihə çərçivəsində Azərbaycanda işlərin bir hissəsi artıq 2021-ci ildə görülüb. Xüsusilə Qazma mağarası (Naxçıvan MR Şərur rayonu) və Qaraca paleolit düşərgəsində (Mingəçevir şəhəri) abidələrin mütləq yaşını müəyyən etmək üçün nümunələr götürülüb. Abidələrin mütləq yaşı Danimarka Texniki Universiteti və Orxus Universitetinin (Orxus, Danimarka) lüminessent üsulu ilə yaşı müəyyən edən Skandinaviya laboratoriyasında (The Nordic laboratory for Luminescence Dating (Technical University of Denmark and Aarhus University, Aarhus, Denmark) müəyyən olunur.
Abbas Seyidov qeyd edib ki, 17 il ərzində Azıx və Tağlar mağaralarında qeyri qanuni arxeoloji tədqiqatlar aparılıb. Danimarkalı alim Mads Knudsen vurğulayıb ki, abidələrin mütləq yaşını təyin etmək üçün müasir laboratoriya və texnologiyalara ehtiyac var. Azərbaycan tərəfdən arxeoloqlar Azad Zeynalov, Yaqub Məmmədov və digər qonaqlar Azərbaycan ərazisinin qədim tarixə malik olduğunu xüsusi qeyd edərək, burada aparılacaq tədqiqatların dünya tarixi üçün önəmli yer tutacağını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.