Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

29.12.2023 16:30
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları ilə görüşüb

Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları ilə görüşüb

Dekabrın 29-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları ilə görüşüb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli aparatın əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, bu əlamətdar tarixin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul olunduğunu söyləyib.

Bildirib ki, Ulu Öndər hər zaman dünya azərbaycanlılarının həmrəyliyinə xüsusi diqqət yetirmiş, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamış (indiki Diasporla İş üzrə Dövlət Komitəsi), onun Sərəncamı ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir.

Prezident İlham Əliyevin Ulu Öndər dünya azərbaycanlılarının həmrəyliyi siyasətini uğurla davam etdirdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının növbəti Qurultaylarının keçirildiyini, xarici ölkələrdə Azərbaycanın diaspora nümayəndəliklərinin açıldığını və geniş təşkilatlandığını bildirib. Qeyd edib ki, beynəlxalq arenada XXI əsrin dünya liderlərindən biri kimi qəbul edilən Prezident İlham Əliyevin Qarabağda nail olduğu tarixi Zəfər, ərazi bütövlüyümüzün tam bərpa olunması, Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağımızın dalğalanması xalqımızın, dünyada yaşayan azərbaycanlıların başını uca etmişdir və bunun üçün dövlət başçısına sonsuz minnətdarıq.

AMEA rəhbəri dövlətimizin Prezident İlham Əliyevin liderliyində 2023-cü ili də uğurla başa vurduğunu, Azərbaycanın beynəlxalq arenada söz sahibi ölkələrdən biri kimi inkişaf edən və etibarlı tərəfdaş dövlət kimi qəbul olunduğunu söyləyib.

İl ərzində Akademiyanın da ölkəmizin inkişafına öz əməli dəstəyini verdiyini deyən akademik İsa Həbibbəyli 2023-cü ildə əldə olunmuş uğurları diqqətə çatdırıb. “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 46 fundamental monoqrafik, 14 konfrans materialının çap edildiyini, bu istiqamətdə, həmçinin keçirilən konfrans və tədbirlərlə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlindiyini bildirib. Bundan əlavə, Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, eləcə də Qərbi Azərbaycan, İraq türkmanları ilə bağlı AMEA-da aparılan önəmli tədqiqatları, yeniləşən Akademiya uğrunda həyata keçirilən struktur islahatlarını, elekronlaşma hərəkatını, yeni Nizamnamənin qəbul olunmasını, AMEA-nın beynəlxalq əlaqələr sahəsindəki uğurlarını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycanın bu günlərdə dövlət başçısının liderliyində yeni tarixi dövrünü yaşadığını, ölkəmizi inkişafdan intibaha doğru apardığını və alimlərimizin bu prosesdə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz töhfələrini verməyə davam edəcəklərini söyləyib və AMEA-nın kollektivini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrinə yeni nəsil kompüterlər təqdim olunub.

Qeyd edək ki, görüşdə AMEA-nın Rəyasət Heyətinin üzvləri də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: