Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

26.04.2018 08:42
  • A-
  • A
  • A+

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib

Naxçıvanda Duz Muzeyi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” imzaladığı Sərəncama əsasən yaradılan Naxçıvan Duz Muzeyi aprelin 25-də istifadəyə verilib.

Əvvəlcə açılışı bildirən lent kəsilib.

Mərasimdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək müstəqillik illərində Naxçıvan tarixinin hərtərəfli öyrənilməsinə başlanıldığını bildirib. Qeyd edib ki, muxtar respublikada aparılan tədqiqatlar zamanı Naxçıvan Duzdağından eramızdan əvvəl V əsrdən mədən üsulu ilə duz çıxarıldığı müəyyən edilib. Bu da dünyada bu yolla duzun ilk emalı təcrübəsidir.

Akademik İ.Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılmasının xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsi olduğunu vurğulayıb. O, Naxçıvan tarixinin tədqiqinə və təbliğinə göstərdiyi diqqət və qayğıya görə muxtar respublikanın ziyalıları və elmi ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, Naxçıvan tarixini tədqiq etmək üçün ilk növbədə Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir. 

Ali Məclisin Sədri Naxçıvan Duzdağı ilə bağlı ilk tədbirin 1996-cı ildə keçirilən “Beynəlxalq qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu olduğunu deyərək, tədbirdə Naxçıvanın Duzdağ mədəniyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu, yeni faktların üzə çıxarıldığını bildirib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Naxçıvan tarixinin öyrənilməsi məqsədilə AMEA Naxçıvan Bölməsini yaratmış, bu sahədə qarşıya mühüm vəzifələr qoymuşdur. Bölmədə Naxçıvan duzunun tarixi ilə bağlı mühüm tədqiqatlar aparılmış, eksponatlar toplanılmışdır. Həmin eksponatlar bu gündən etibarən Naxçıvan Duz Muzeyində nümayiş olunacaq.

Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə gələcək işlərində uğurlar arzulayıb.

Sonra muzeyə baxış olub. Məlumat verilib ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Muzeydə 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur. 

Muzeydə nümayiş olunan dəyərli eksponatlar sırasında narın duzun saxlanmasında və daşınmasında istifadə olunan duz torbaları da yer alır. Bu torbalar əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən, muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir. Daş duzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri də nümayiş olunur. 

Sonda Ali Məclisin Sədri AMEA Naxçıvan Bölməsi tərəfindən Naxçıvan duzu ilə bağlı arxeoloji qazıntıların aparılması, Duzdağ mədəniyyəti ilə bağlı beynəlxalq konfransların keçirilməsi, Naxçıvan duzunun tərkibi haqqında məlumatın muzeydə nümayiş olunması və naxçıvanlı sənətkarların duzdan hazırladıqları əl işlərinin satışının təşkili barədə müvafiq tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: