Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bir qrup alim və mütəxəssisə “Əmək veteranı” vəsiqələri təqdim olunub.
İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında” 30 aprel 2026-cı il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Kərimovun 120 illiyi tamam olur. Akademik İsa Həbibbəyli qeyd edib ki, dünyaşöhrətli Xalq rəssamı Lətif Kərimov Azərbaycanda bu sahədə məktəb yaradıb və xalqımızın tarixi xalça ənənələrini bütün dünyada tanıdıb.
Sərəncamın 1-ci bəndində AR Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasına Lətif Kərimovun 120 illiyinə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsinin tapşırıldığını deyən akademik İsa Həbibbəyli bu çərçivədə konfransların, sərgilərin təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Rəyasət Heyəti tərəfindən Lətif Kərimovun 120 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması məqsədilə AMEA-nın elmi bölmə, müəssisə və təşkilatlarına təkliflərin təqdim edilməsi tapşırılıb.
Daha sonra akademik İsa Həbibbəyli BMT-nin XIII Ümumdünya Şəhərsalma Forumunda (WUF13) Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı haqqında məlumat verib. Qeyd edib ki, BMT səviyyəsində belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin dünyada artan nüfuzunun və dövlətimizə beynəlxalq miqyasda olan etimadın bariz göstəricisidir. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan artıq ikinci dəfədir BMT-nin nüfuzlu tədbirlərinə ev sahibliyi edir. 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) da ölkəmizdə keçirildiyini və dünyanın gələcəyi üçün bir sıra mühüm qərarların qəbul edildiyini deyən akademik İsa Həbibbəyli bu il Bakıda keçirilən WUF13 Forumuna da beynəlxalq miqyasda böyük marağın müşahidə edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan İçərişəhərlə klassik, “Sea Breeze”lə modern, Qarabağdakı “Ağıllı şəhər” və “Ağıllı kənd”lər layihələri ilə dünyaya müasir şəhərsalmanın yeni modelini təqdim edir.
AMEA-nın kollektivinin də WUF13 Forumunda yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin üzvlərinin, Rəyasət Heyəti aparatının, Biologiya və Tibb Elmləri Bölməsinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının Forum çərçivəsində keçirilən tədbirlərdə aktivlik göstərdiklərini söyləyib. Qeyd edib ki, Forum həm ölkəmiz, həm də Akademiya üçün faydalı olub, alimlərimiz gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurublar.
Akademik İsa Həbibbəyli Forumun nəticələrinin ciddi şəkildə öyrənilməsi və gələcək tədqiqatlarda istifadə edilməsi üçün müvafiq tapşırıqlarını verib.
Rəyasət Heyətinin iclasında Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalının təsis edilməsi haqqında məsələyə də baxılıb.
Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da süni intellekt və rəqəmsal inkişafla bağlı ardıcıl işlər həyata keçirilir və təsis olunacaq yeni nəşr ölkəmizdə süni intellektə həsr edilmiş ilk jurnal olacaq. Bu məsələnin olduqca məsuliyyət tələb etdiyini bildirən akademik İsa Həbibbəyli jurnalın ildə iki sayının işıq üzü görəcəyini söyləyib.
Eyni zamanda jurnalın redaksiya heyətinin tərkibinin formalaşdırılması, ISSN, e-ISSN və DOI identifikatorlarının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi, yüksək poliqrafik və elektron formatda nəşrinin planlaşdırıldığını vurğulayıb.
Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ingilis dilində “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzinin yaradılması haqqında olub. Akademik İsa Həbibbəyli vurğulayıb ki, 2023-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyətinin aparatında dövlətimizin və müasir dünyanın çağırışlarına uyğun olaraq, “Elektron Akademiya” şöbəsi yaradılıb. Daha sonra buna müvafiq olaraq AMEA-nın elmi müəssisə və təşkilatlarında “Elektron xidmətlər” şöbələri yaradılıb, rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox uğurlar əldə edilib.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və dövlət başçısının 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”ndan irəli gələrək 2025-ci ilin sentyabr ayında “Elektron Akademiya” şöbəsinin adının “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” olaraq dəyişdirildiyini deyib. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında, regionlarda yerləşən Elmi Bölmələrində və Mərkəzlərindəki “Elektron xidmətlər” şöbələrinin əsasında Rəqəmsal elm sahəsi və süni intellekt şöbələrinin yaradıldığını söyləyib.
AMEA rəhbəri qeyd edib ki, ölkəmizdə rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət səviyyəli tədbirlər, eləcə də süni intellekt, rəqəmsallaşma, elektron idarəetmə və kibertəhlükəsizlik kimi strateji istiqamətlər üzrə müəyyən edilmiş prioritetlər Akademiyanın elmi fəaliyyətində konseptual baxımdan daha müasir yanaşmaların formalaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə Akademiyada rəqəmsallaşma, süni intellekt və elektron xidmətlər sahəsində həyata keçirilən fəaliyyətlərin vahid strateji əsaslar üzərində əlaqələndirilməsi, elmi müəssisə və təşkilatlarda yaradılmış müvafiq struktur vahidlərinin fəaliyyətinin sistemli şəkildə koordinasiya olunması, rəqəmsal infrastrukturun inkişaf etdirilməsi və bu istiqamətdə görülən işlərin səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzinin yaradılması zərurətinin yarandığını diqqətə çatdırıb.
Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə sözügedən şöbənin bazasında Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər Mərkəzi yaradılıb.
Sonra AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev Bolqarıstan Elmlər Akademiyasının (BEA) təşkilatçılığı ilə Bolqarıstanın Sofiya şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv dövlətlərin Elmlər Akademiyaları prezidentlərinin üçüncü iclasında iştirakı haqqında məlumat verib.
Akademik İbrahim Quliyev bildirib ki, 14-15 may 2026-cı il tarixlərində keçirilən iclasın əsas müzakirə mövzusu “Süni intellekt QİƏT regionunda elmi əməkdaşlığın katalizatoru kimi” olub və tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Albaniya, Moldova, Rumıniya, Serbiya, Ermənistan və Ukrayna Elmlər Akademiyalarının rəhbərləri iştirak edib. Akademik İbrahim Quliyev tədbirdə “Azərbaycanda Yer elmləri sahəsində elmi tədqiqatlarda süni intellektdən istifadə təcrübəsi və perspektivləri” mövzusunda təqdimatla çıxış etdiyini diqqətə çatdırıb.
Həmçinin akademik İbrahim Quliyev bir sıra ikitərəfli görüşlərə qatıldığını, QİƏT-ə üzv dövlətlərin elmi qurumlarının dünya elminə qarşılıqlı inteqrasiyası prosesinin gücləndirilməsi yollarının müzakirə olunduğunu söyləyib.
Səfər çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi tərəfindən təşkil edilmiş “Enerji təhlükəsizliyi və Azərbaycanın enerji resursları” mövzusunda dəyirmi masada müzakirələrdə iştirak etdiyini də bildirib.
Məlumat dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
İclasda, o cümlədən öz ərizələri əsasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Ayxan Qarayevin doktorantura təhsilinə xitam verilməsi, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Dünya Əhmədovanın və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Nargilə Hacıyevanın əyani təhsildən qiyabi təhsilə keçirilmələri haqqında qərarlar qəbul olunub.
Daha sonra kadr məsələlərinə baxılıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət başçısının 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə ölkəmizdə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Həmçinin dövlət başçısının 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib və Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Rəqəmsal İnkişaf Şurasına həvalə olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Fəaliyyət Planının 6.1.5.2.1. bəndində hər bir dövlət orqanına rəhbərin müavini səviyyəsində rəqəmsallaşmaya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin müəyyənləşdirilməsi tapşırılıb. AMEA rəhbəri sözügedən tapşırığın icrası ilə əlaqədar olaraq, Akademiyada müvafiq komissiyanın yaradıldığını və müavinliyə namizəd şəxslərin qiymətləndirilməsi üçün müsahibənin təşkil edildiyini söyləyib.
İclasda filologiya elmləri doktoru Mehman Həsənlinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanovanın AMEA-nın Folklor İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, tarix elmləri doktoru İlqar Niftəliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, texnika üzrə fəlsəfə doktoru Rauf Muradovun AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya elmləri doktoru Məsud Mahmudovun AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifovanın AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifələrinə təsdiq edilmələri haqqında qərarlar qəbul edilib.
Bundan əlavə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev AMEA-nın Memarlıq və İncəsənət İnstitutununun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov AMEA-nın Naxçıvan Bölməsinin rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini vəzifəsinə, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov AMEA-nın Gəncə Bölməsinin rəqəmsal inkişaf və süni intellekt üzrə sədr müavini vəzifəsinə təsdiq ediliblər.
Həmçinin tarix üzrə fəlsəfə doktoru Nigar Camalova AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri vəzifəsinə, filologiya elmləri doktoru Vaqif Yusifov isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri vəzifəsinə təsdiq olunublar.
Rəyasət Heyətinin iclasında, o cümlədən akademik Möhsün Nağısoylunun 80, akademik Məmmədtağı Cəfərovun 90, akademik Ədilə Namazovanın 100, akademik Midhəd Abasovun 100, AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın və AMEA-nın müxbir üzvü Vəli Əliyevin 90 illik yubileyləri haqqında qərarlar qəbul edilib.
İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.