AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, o cümlədən Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi, Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia, Albaniya Elmlər Akademiyasının üzvü akademik Anastas Angjeli, Xarici əlaqələr və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elda Zotaj və aidiyyəti şəxslər iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə AMEA ilə dünyanın aparıcı Elmlər Akademiyaları, elm mərkəzləri və ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb və beynəlxalq elmi təcrübə və yeniliklərin öyrənilməsi daim diqqət mərkəzində saxlanılır. AMEA-nın 80 illik yubiley tədbirləri barədə qonaqlara məlumat verən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət başçısının iştirakı ilə keçirilən tədbirdə dünyanın bir çox ölkəsindən nüfuzlu alimlər iştirak ediblər. Vurğulayıb ki, bu gün AMEA qardaş Türkiyə, Çin, Orta Asiya ölkələri, Avropadan İtaliya, Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Afrikadan Misir, Tunis və digər ölkələrin akademik qurumları ilə sıx əməkdaşlıq edir. Bundan əlavə, son illərdə Akademiyanın Beynəlxalq Elmi Şuraya, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına, Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasına üzv qəbul edildiyini bildirib.
Azərbaycan ilə Albaniya arasında geniş iqtisadi əməkdaşlığın mövcud olduğunu deyən akademik İsa Həbibbəyli son illərdə dövlət başçılarımızın yaxın dostluq münasibətlərinin elmi müstəvidə də əlaqələrin qurulması və genişlənməsinə meydan açdığını söyləyib. Akademik İsa Həbibbəyli albaniyalı mütəxəssislərin iki gün ərzində Akademiyanın institutlarını, kitabxanasını ziyarət etdiklərini və AMEA-nın mövcud potensialı ilə tanış olmaq imkanı qazandıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, Qafqaz Albaniyası tarixinin öyrənilməsi, dilçilik, arxeologiya, əlyazmalar, süni intellekt, rəqəmsal inkişaf və digər bir çox sahələrdə birgə əməkdaşlıq üçün geniş imkanlar var. Bundan əlavə, AMEA-da bir sıra sanballı elmi nəşrlərin işıq üzü gördüyünü deyən akademik İsa Həbibbəyli “AMEA-nın məruzələri” jurnalının bir sayının Albaniyanın tarixi, coğrafiyası, mədəniyyəti və s. həsr olunmasını, eyni zamanda Albaniya Elmlər Akademiyasının nəşrlərindən birinin bir sayının ölkəmizə həsr olunmasını təklif edib.
Səfərin təşkilində göstərdikləri dəstəyə görə Albaniyanın Azərbaycandakı səfiri Besart Kadiaya və Albaniya Elmlər Akademiyasının üzvü akademik Anastas Angjeliyə minnətdarlığını bildirən akademik İsa Həbibbəyli anlaşma memorandumunun akademiyalarımız arasında qarşılıqlı əməkdaşlıq və gələcək birgə layihələr üçün geniş perspektivlər açacağını vurğulayıb.
Sonra çıxış edən Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushi dəvətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin müsbət dinamikada davam etdiyini diqqətə çatdıran qonaq səfərlərinin məqsədinin elmi istiqamətdə əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib. Albaniya Elmlər Akademiyası barədə məlumat verən Skender Gjinushi qeyd edib ki, hazırda quruculuq prosesi həyata keçirilir, struktur islahatları aparılır. Diqqətə çatdırıb ki, hazırda Albaniya Elmlər Akademiyasında Arxeologiya İnstitutu, Tarix İnstitutu, Dilçilik və Ədəbiyyat İnstitutu, Antropologiya İnstitutu, Ensiklopedik və Albanoloji Nəşrlər Mərkəzi, Biotexnologiya və Genetika Elmi Tədqiqat Mərkəzi və İncəsənət Araşdırmaları Mərkəzi fəaliyyət göstərir, nanotexnologiya, geologiya, süni intellekt, ətraf mühit və su ehtiyatları istiqamətində tədqiqatlar aparılır. Akademik Skender Gjinushi, həmçinin Albaniya Elmlər Akademiyasının ölkədə aparılan bütün elmi tədqiqatların koordinasiyasını həyata keçirdiyini söyləyib, hazırda 37-yə yaxın elmin bütün sahələrini əhatə edən layihənin maliyyələşdirildiyini bildirib.
Xalqlarımızın mədəniyyəti və tarixi arasında bir çox oxşarlıqların olduğunu deyən Skender Gjinushi bu gün imzalanacaq memorandumun akademiyalarımızın gələcək əməkdaşlığı üçün geniş imkanlar açacağını söyləyib.
Mərasimdə çıxış edən Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia yenidən AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib. Qeyd edib ki, bu gün tədbirdə vurğulandığı kimi, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur və bu, elmi müstəvidə də əməkdaşlığımızın genişlənməsinə imkan verir. Gələcək birgə elmi tədqiqatların aparılmasını səbrsizliklə gözlədiyini deyən səfir növbəti görüşün Albaniyada keçirilməsini arzulayıb.
Bakıya artıq ikinci dəfə səfər etdiyini deyən Albaniya Elmlər Akademiyasının üzvü akademik Anastas Angjeli çıxışında vurğulayıb ki, Azərbaycan ilə Albaniyanın geniş elmi potensialı var və cari ilin mart ayında AMEA-ya səfəri zamanı bu potensialdan istifadəyə dair ilkin razılıq əldə olunub və bu gün artıq memorandumun imzalanması mərasimi keçirilir. Akademiyanın elmi müəssisələrini ziyarət etdiyini və bir sıra səmərəli görüşlər keçirdiyini deyən akademik Anastas Angjeli memorandumun şərtlərinin həyata keçirilməsinin birgə elmi əməkdaşlığımızın inkişafına təkan verəcəyini söyləyib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova qonaqları salamlayıb, rəhbərlik etdiyi Biologiya və Tibb Elmləri Bölməsinin, həmçinin ETN Molekulyar Biologiya İnstitutunun Albaniya Elmlər Akademiyası ilə birgə ətraf mühitin öyrənilməsi, ərzaq təhlükəsizliyi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin tədqiqi istiqamətində geniş imkanlara malik olduğunu deyib. Bundan əlavə, son illərdə Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universiteti ilə buğdanın yaxşılaşdırılmasına dair birgə tədqiqatlar aparıldığını, Molekulyar Biologiya İnstitutunun dünyanın nüfuzlu Harvard, Kembric, Oksford universitetləri ilə əməkdaşlıq etdiyini, gənc kadrların xaricdə doktorantura təhsilinə göndərildiyini diqqətə çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və akademik Skender Gjinushi imzalayıblar.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qonaqlar, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirildiyi Böyük Akt zalını, Meridian zalını, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzini, burada yerləşən “Əziz Sancar şərəf otağı”nı və Akademiya Muzeyini ziyarət ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.