İyunun 25-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti elmi seminarı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva, bölmənin Elmi şurasının sədr müavini akademik Nərgiz Axundova, eləcə də Bölməyə daxil olan elmi müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə akademik Gövhər Baxşəliyeva açaraq seminar iştirakçılarını salamlayıb. O, müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafının humanitar elmlər qarşısında yeni məsuliyyətlər və çağırışlar yaratdığını, bu baxımdan etik və ekzistensial məsələlərin elmi müzakirəsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Akademik Gövhər Baxşəliyeva bu kimi seminarların elmlərarası dialoqun gücləndirilməsinə, fundamental humanitar dəyərlərin qorunmasına və elmi yanaşmaların zənginləşdirilməsinə xidmət etdiyini söyləyib.
Sonra seminarın sədri akademik Nərgiz Axundova çıxış edərək tədbirin mövzusunun müasir cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını bildirib. Alim süni intellektin yalnız texniki vasitə kimi deyil, həm də insanın düşüncə tərzinə, qərarvermə mexanizmlərinə və mənəvi məsuliyyət anlayışına təsir edən bir fenomen kimi araşdırılmasının vacibliyini qeyd edib. Etik yanaşmalar olmadan süni intellekt texnologiyalarının tətbiqinin sosial risklər yarada biləcəyinə diqqət çəkən akademik Nərgiz Axundova vurğulayıb ki, bu baxımdan fəlsəfə, sosiologiya və etika sahələrində aparılan tədqiqatlar xüsusi əhəmiyyət daşıyır. O, seminarın elmi müzakirələr üçün səmərəli platforma olduğunu və bu kimi tədbirlərin gələcək tədqiqat istiqamətlərinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Daha sonra akademik Nərgiz Axudovanın sədrlik etdiyi elmi seminarda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Dadaşovanın “Süni intellekt dövründə etik və ekzistensial çağırışlar” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi süni intellektin elmin mahiyyətinə, etibarlılığına və cəmiyyətdəki roluna təsir edən əsas məsələlərindən bəhs edib. Bildirib ki, süni intellektin sürətli inkişafı elmi tədqiqatların aparılma üsullarını köklü şəkildə dəyişdirərək böyük həcmli məlumatların emalı, mürəkkəb modellərin qurulması və fənlərarası əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. O, bununla yanaşı, dezinformasiyanın yayılması, alqoritmik qərəz və texnologiyaların insanların qərarvermə proseslərinə təsiri kimi problemlərin də aktuallaşdığını vurğulayıb.
Samirə Dadaşova qeyd edib ki, informasiya bolluğu şəraitində əsas məsələ artıq yalnız daha çox məlumat əldə etmək deyil, həmin məlumatların etibarlılığını və mənasını qorumaqdır. Alim bu kontekstdə həqiqi biliklə manipulyativ məlumat arasındakı sərhədlərin müəyyənləşdirilməsinin çətinləşdiyi, müasir elmdə tənqidi düşüncə, etik nəzarət mexanizmləri və fənlərarası yanaşmanın xüsusi əhəmiyyət daşıdığını bildirib.
Məruzəçi, həmçinin süni intellekt və biotexnologiyaların insanın fiziki və zehni imkanlarını dəyişdirmək potensialı olduğuna da diqqət çəkərək, bu proseslərin insan azadlığı, ləyaqəti, məsuliyyəti və “insan olmağın mənası” ilə bağlı yeni fəlsəfi suallar doğurduğunu söyləyib. Qeyd edib ki, elmi tərəqqinin sürətlənməsi ilə yanaşı, süni intellektin insanlıq üçün faydalı istiqamətdə inkişafı etik və fəlsəfi düşüncənin elmi prosesə ayrılmaz şəkildə inteqrasiyasını zəruri edir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Müzakirələrdə akademik Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, həmin institutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Tarix və Etnologiya İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov iştirak ediblər. Çıxış edənlər süni intellektin cəmiyyətə verdiyi faydalarla yanaşı, etik məsuliyyətin zəifləməsi, insan faktorunun arxa plana keçməsi, qərarvermə proseslərində şəffaflıq problemləri və sosial bərabərsizliyin dərinləşməsi kimi riskli məqamları diqqətə çatdırıblar. Çıxışlarda süni intellekt texnologiyalarının tətbiqində humanitar dəyərlərə əsaslanan nəzarət mexanizmlərinə üstünlük verilməsinin vacibliyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.