Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvanda yeni quş növü aşkarlanıb
17.12.2020 18:36
  • A-
  • A
  • A+

Naxçıvanda yeni quş növü aşkarlanıb

Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi şəraiti, yaşayış mühitinin müxtəlifliyi, bölgənin köçəri quşların Avrasiya-Afrika köç yolu üzərində yerləşməsi burada zəngin növmüxtəlifliyinə malik quşlar faunasının formalaşmasına zəmin yaradıb. Bu məqsədlə AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən uzun illər bölgə ornitofaunası üzrə xüsusi tədqiqat işləri aparılıb və dəyərli elmi nəticələr əldə edilib.

İnstitutun əməkdaşlarından kiçik elmi işçi Hüseyn Rəsulzadə apardığı tədqiqatlar işləri ilə faunamız haqqında bilikləri yeni elmi məlumatlarla zənginləşdirir.  Belə ki, gənc ornitoloq bir neçə gün öncə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Üçbarmaq qağayını aşkar edib.

Üçbarmaq qağayı Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur.  Ədəbiyyat məlumatlarına əsasən, faunamızın yeni sakininin həyatı açıq su hövzələri ilə bağlıdır və Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur. 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub, digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq var. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır. Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, ovunu suya baş vuraraq əldə edir.

Yeni aşkarlanmış Üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, H.Rəsulzadə apardığı tədqiqatlar nəticəsində bu ilin fevral ayında daha bir yeni quş növünü – Bozumtul çalağanı aşkar etmişdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: