Bu gün görkəmli torpaqşünas alim, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Babayevin 80 yaşı tamam olur.
Məhərrəm Pirverdi oğlu Babayev 1937-ci il yanvarın 13-də Bərdə şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmiş, təyinatla Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutuna göndərilmişdir.
Akademik M.Babayev 1966-cı ildə namizədlik, 1981-ci ildə doktorluq dissetrasiyalarını müdafiə etmiş, 2000-ci ildə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
O, 1961-1975-ci illərdə Azərbaycan SSR Torpaqşünaslıq və Aqrokimya institutunda elmi işçi, baş elmi işçi, 1975-1981-ci illərdə həmin müəssisədə laboratoriya rəhbəri, 1981-1985-ci illərdə Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi ET Tərəvəzçilik İnstitutunda direktor, 1986-1989-cu illərdə Aqrar Sənaye Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 2001-2014-cü illərdə həmin institutun direktoru vəzifələrində çalışmışdır.
Alimin elmi fəaliyyəti əsasən Azərbaycan torpaqlarının genezisi, təkamülü, morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı, xəritələşdirilməsi, torpaqların torpaq-coğrafi məlumat bazasının hazırlanması ilə bağlıdır.
Azərbaycan torpaqşünaşlıq elminin tarixində ilk dəfə olaraq M.Babayevin redaktorluğu və iştirakı ilə özündə 70-ə qədər torpaq-ekoloji xəritələri əks etdirən Azərbaycanın Torpaq Atlası tərtib olunub nəşr edilmişdir.
Akademik 300-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiya, 15 kitab, 14 tövsiyə, 11 patent və 5 xəritənin müəllifidir. Onun rəhbərliyi altında 18 fəlsəfə və 4 elmlər doktorluq dissertasiyası müdafiə olunmuşdur.
M.Babayev Ümumdünya Torpaqşünaslar Cəmiyyətinin üzvü, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvü, Azərbaycan Respublikası Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı Doktorluq Dissertasiyası müdafiəsi üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədridir.
Alimin xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Həmçinin 1987-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1997 və 2006-cı illərdə isə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Görkəmli elm mücahidini 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.