AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. İ.Həbibbəyli bugünkü iclasda bölmənin akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilərin keçiriləcəyini bildirib.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə irəli sürülür və səsvermənin nəticələri bölməyə daxil olur.
Ümumi yığıncaqda İEB-in elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.
Gizli səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı isə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.
Səsvermədə 24 bölmə üzvündən 17-si iştirak edib.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.