Görkəmli musiqişünas-alim, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun (Mİİ) Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, akademik Zemfira Səfərova və onun rəhbərlik etdiyi İşçi qrup tərəfindən “Azərbaycanın musiqi tarixi” adlı çoxcildliyin V cildi tamamlanıb və işıq üzü görüb. Akademik Z.Səfərova, həmçinin əsərin ideya müəllifi və elmi redaktoru, redaksiya şurasının sədri və bir çox hissələrinin müəllifidir.
Qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin əsas qolu hesab edilən musiqimizin tarixi köklərinin araşdırılması və onun gələcək nəsillərə çatdırılması məqsədini daşıyan kitabın ərsəyə gəlməsində Mİİ-nin Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin alimləri və bir sıra musiqişünaslar yaxından iştirak edib. Əsər uzun illər aparılan tədqiqatlar əsasında hazırlanıb.
Bu cilddə yaradıcılıqları əsasən müstəqillik illərində təşəkkül tapmış bəstəkarlar nəslinin görkəmli nümayəndələri – Fərəc Qarayev, Firəngiz Əlizadə, Aydın Əzimov, Vaqif Mustafazadə, Polad Bülbüloğlu, Azər Dadaşov, İsmayıl Hacıbəyov, Oqtay Rəcəbov, Cavanşir Quliyev, Afaq Cəfərova, Rəhilə Həsənova və digərlərinin sənət yolu və əsərləri xronoloji ardıcıllıqla təhlil edilib. Həmçinin müstəqillik dövründə Azərbaycanın musiqi həyatında baş verən yeniliklər, Azərbaycan musiqisinin beynəlxalq əlaqələri, caz və kino musiqisinin özəllikləri tədqiq edilib.
Kitabda yer alan bir sıra bəstəkarların yaradıcılığı ilk dəfədir ki, hərtərəfli araşdırmaya cəlb edilib.
Yeni nəşr aparılan ciddi tədqiqatlara əsaslanan materialları ilə gələcək elmi araşdırmalara yol açır, Azərbaycan musiqisinin, bəstəkar yaradıcılığının, ifaçılarının tanınmasına və öyrənilməsinə xidmət edir.
Qeyd edək ki, “Azərbaycan musiqi tarixi” kitabının akademik nəşri musiqi tariximizdə ilk dəfədir ki, həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.